Qadın sağlamlığı mövzusu bu gün cəmiyyətimizdə ən çox müzakirə olunan sahələrdən biridir. Xüsusilə son illərdə ginekoloji problemlərin artması və qadınların profilaktik müayinələrə laqeyd yanaşması bu mövzuda maarifləndirməni daha da vacib edib.
Məsələ ilə bağlı News365.az-a açıqlama verən ginekoloq Dr. Zülfiyyə Muradova qadınları maraqlandıran bəzi suallara aydınlıq gətirib.
1. Qadınlar ümumilikdə ildə neçə dəfə ginekoloqa müraciət etməlidirlər və bu niyə vacibdir?
- Qadınlar ginekoloqa ildə bir dəfə getsələr, çox şeyin qabağını ala bilərlər. Düzü, bir çox xanımlar ancaq problem olanda müraciət edir, amma bu, bir az gec olur. Çünki bəzi xəstəliklər, məsələn, uşaqlıq boynu xərçəngi, yumurtalıq kisti və ya hormonal pozğunluqlar, əvvəlcə heç bir əlamət vermir. Yəni qadın özünü tam normal hiss edir, amma bədəndə artıq dəyişiklik gedir.
İldə bir dəfə sadəcə profilaktik baxış üçün getmək həm ağrısız, həm də çox qısa çəkən bir prosedurdur. Ginekoloq sadəcə vəziyyətə baxır, lazım olsa analiz yazır, vəssalam. Bu da sənə rahatlıq verir ki, hər şey qaydasındadır.
Xüsusilə 21 yaşdan yuxarı qadınlar, ya da artıq cinsi həyata başlayanlar, Pap-test (uşaqlıq boynu yaxması) verməlidirlər. Bu test çox sadədir, amma uşaqlıq boynu xərçənginin qarşısını almaqda ən vacib addımdır.
2. Azərbaycanda qadınlar ən çox hansı ginekoloji problemlərlə həkimə müraciət edirlər?
- Menstrual (aybaşı) problemləri.
Qadınların çoxu ya aybaşısı gecikir, ya da çox ağrılı keçir deyə gəlir. Bəzən qanaxma çox olur, bəzən də ümumiyyətlə az. Bu, hormonal dəyişikliklər, stress və ya kista kimi səbəblərdən ola bilər.
İltihabi xəstəliklər.
Uşaqlıq və yumurtalıq iltihabları çox yayılıb. Adətən soyuqlamaq, gigiyenik qaydalara əməl etməmək və ya qorunmadan cinsi əlaqə nəticəsində yaranır. Bel ağrısı, qarın aşağısında sancı və ifrazatın dəyişməsi ilə özünü göstərir.
Kista və miomalar.
Yumurtalıq kistləri və uşaqlıqda yaranan miomalar son illərdə çox artıb. Çox vaxt təsadüfən aşkarlanır, amma bəzən qarın ağrısı və menstruasiya pozğunluğu verir.
Hamilə qalmaqda çətinlik (sonsuzluq).
Cütlüklər çox zaman evlilikdən bir müddət sonra hamiləlik alınmayanda müraciət edirlər. Burada həm qadında yumurtlama problemi, həm də hormonal disbalans rol oynaya bilər.
Yoluxucu (cinsi yolla keçən) infeksiyalar.
Bu, çox yayılmış və bəzən utanıldığı üçün gizli saxlanılan problemdir. Amma əslində vaxtında müalicə olunmasa, gələcəkdə daha ciddi fəsadlar – hətta sonsuzluq belə yarada bilər.
Hormonal pozğunluqlar.
Saç tökülməsi, sızanaq, kökəlmə və ya menstruasiyanın itməsinə səbəb olan hormon dəyişiklikləri (xüsusilə polikistoz sindromu – PCOS) çox rast gəlinir.
Süd vəzilərində problemlər.
Hərçənd bu, sırf ginekoloji deyil, amma qadınlar çox vaxt süd vəzilərində ağrı və ya sərtləşmə olanda da ginekoloqa gəlirlər.
3. Hamilə qalmaq istəyən qadın əvvəlcədən hansı müayinələrdən keçməlidir?
- İlk növbədə qan analizi – ümumi vəziyyəti yoxlamaq üçün (qanazlığı, şəkər, qaraciyər və böyrək funksiyası).
Hormon analizləri – yumurtlamanı və hormon balansını qiymətləndirmək üçün. Xüsusilə FSH, LH, prolaktin, estradiol və TSH yoxlanılır.
TORCH analizləri – bu, çox vacibdir. Hamiləlik zamanı dölə zərər vura bilən infeksiyaları (toksoplazma, rubeola, sitomeqalovirus, herpes) göstərir. Əgər bu infeksiyalardan biri aktivdirsə, əvvəlcə müalicə aparılmalıdır.
Qan qrupu və Rh faktoru – Rh mənfi qadınlarda xüsusi diqqət lazımdır.
Hepatit B, C, QİÇS (HIV) və sifilis analizləri – bu da həm ana, həm döl üçün vacibdir.
4. Gecikmiş menstruasiya hər zaman hamiləlik əlamətidirmi? Yoxsa başqa səbəblər də ola bilər?
-Menstruasiya gecikir deyəndə, çox qadın dərhal “bəlkə hamiləyəm?” – deyə düşünür. Amma hər gecikmə hamiləliklə bağlı olmur. Bəzən sadəcə bədənin ritmi bir az pozulur.
Məsələn, qadın stress keçirəndə, çox yorulanda, ya da yuxusuz qalanda, orqanizm bunu dərhal hiss edir. Beyin “hazırda sakitlik yoxdur” deyib yumurtlamanı bir az gecikdirir. Ona görə də aybaşı bir neçə gün, hətta bəzən bir həftə də ləngiyə bilər.
Bəzən də qadın kəskin arıqlayır, ya da birdən-birə kökəlir — bu da hormonların balansını pozur. Hormonlar qarışanda aybaşı vaxtı dəyişir.
Soyuqlamaq, dərman içmək, səfərə çıxmaq, iqlim dəyişikliyi — hamısı təsir edə bilər. Yəni bəzən elə kiçik səbəb olur ki, qadın özü də fərqinə varmır.
Əgər gecikmə 5–7 gündürsə, çox narahat olmağa dəyməz. Amma 10–14 gün keçirsə, hamiləlik testi mənfidirsə və yenə də aybaşı başlamırsa, o zaman ginekoloqa getmək yaxşı olar. Sadəcə bədənə baxmaq, hər şey qaydasındadırmı, ona əmin olmaq üçün.
Yəni qısası — hər gecikmə hamiləlik deyil, bəzən sadəcə bədənin bir az dincəlməyə ehtiyacı olur.
News365.az, Vəfa Vəliyeva