Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı zamanı həlak olanların bəzilərinin cəsədlərində təkcə güllə yaraları deyil, həm də bıçaq xəsarətləri olub.
Bu barədə Rusiya mediasına hüquq-mühafizə orqanlarından məlumat verilib.
“Bu, onu deməyə əsas verir ki, “Krokus” konsert zalına hücum zamanı terrorçular təkcə avtomat silahlardan deyil, həm də bıçaqlardan istifadə edə biliblər”, - adı açıqlanmayan mənbə deyib.
O, bunların qəlpə yaraları və ya iti cismlərin zərbəsi nəticəsində yarana biləcəyini də istisna etməyib.
O da qeyd edilib ki, faciə yerində çoxlu sayda istifadəsiz patron aşkarlanıb.
Xatırladaq ki, Krasnoqorskda “Crocus City Hall”a hücum 2024-cü il martın 22-də baş verib. Avtomatlarla silahlanmış terrorçular konsert zalına soxularaq “Piknik” qrupunun konsertinə gələn tamaşaçılara atəş açmağa başlayıblar. Hücum edənlər daha sonra yanğın törədiblər.
Faciə nəticəsində 145 nəfər həlak olub, 500-dən çox insan yaralanıb. Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun bu ilin martında verdiyi məlumata görə, terror aktını 6 nəfər təşkil edib, onların hamısı xaricdə olduqları üçün hazırda axtarışdadırlar.
Tural