“Kinoçuların gözü aydın, bəs kinonun?” – Günel Musadan diqqətçəkən sual

“Kinoçuların gözü aydın, bəs kinonun?” – Günel Musadan diqqətçəkən sual
15:35

Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsi kino ictimaiyyətində müzakirələrə səbəb olub.

Jurnalist Günel Musa sosial şəbəkə hesabında paylaşdığı yazıda Şəfiqə Məmmədovanın sədr seçilməsini dəyərləndirib və yeni rəhbərliyin Azərbaycan kinosuna nə verə biləcəyi ilə bağlı suallar səsləndirib.

“İndi yəqin ki, ənənəvi cümlələri eşidəcəyik: kinoçuların gözü aydın, nəhayət, qalmaqallar bitəcək, kinonun üzərindən qara buludlar çəkiləcək... Amma mənim ağlıma başqa sual gəlir: Şəfiqə Məmmədova Azərbaycan kinosuna bundan sonra nə verə biləcək?” – deyə Günel Musa qeyd edib.

O bildirib ki, bu sual Şəfiqə Məmmədovanın sənət fəaliyyətinə hörmətsizlik kimi qiymətləndirilməməlidir.

“Şəfiqə Məmmədova Azərbaycan teatr və kinosunun tanınmış simalarından, böyük aktrisalarından biridir. Onun sənətdəki xidmətlərini müzakirə etməyə ehtiyac yoxdur. Amma kino ittifaqına rəhbərlik başqa məsələdir. Kino artıq yalnız rejissor, aktyor və operatorun bir araya gəlib film çəkməsi deyil”, – deyə jurnalist vurğulayıb.

Günel Musanın sözlərinə görə, müasir kino sahəsində beynəlxalq əlaqələr, prodüserlik, müəllif hüquqları, kino bazarı, festival siyasəti, yeni texnologiyalar, gənc kadrların hazırlanması, ssenari sənayesi, xarici platformalara çıxış və tamaşaçı araşdırmaları kimi çoxsaylı istiqamətlər mövcuddur.

“Deməli, sual ‘Şəfiqə Məmmova yaxşı sənətkardırmı?’ deyil. Sual budur: O, bu gün Azərbaycan kinosunun qarşısında dayanan problemləri həll edə biləcək yeni idarəçilik modeli qura biləcəkmi?” – deyə o bildirib.

Jurnalist hesab edir ki, Azərbaycan kinosunun problemləri yalnız sədr dəyişikliyi ilə həll ediləcək qədər sadə deyil.

Günel Musa Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyət istiqamətləri sırasında kino təhsili, milli filmlərin təbliği, festivalların dəstəklənməsi, kino nəşrləri, ssenari müsabiqələri və kinematoqrafçıların sosial müdafiəsi kimi sahələrin yer aldığını xatırladıb.

“Bunların hamısı vacibdir. Amma bir sual yenə qalır: Bunları niyə məhz bu formada edən quruma ehtiyacımız var?” – deyə o sual edib.

Jurnalist qeyd edib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının kökü 1963-cü ilə gedib çıxır və sovet dövründə kino ittifaqları yalnız peşəkarların yaradıcı birliyi deyil, bütövlükdə həmin dövrün mədəni sisteminin bir hissəsi olub.

“İndi isə başqa ölkə, başqa iqtisadiyyat, başqa kino bazarı, başqa texnologiya, başqa tamaşaçı var. İnternet var. Netflix var. YouTube var. Müstəqil prodakşn şirkətləri var. Beynəlxalq film festivalları var. Kino Agentliyi var. Özəl kino məktəbləri, festival təşkilatçıları, prodüserlər, ssenaristlər və yeni nəsil rejissorlar var”, – deyə müəllif vurğulayıb.

Günel Musa hesab edir ki, belə bir şəraitdə 1960-cı illərdən miras qalan təşkilati modelin eyni formada saxlanılması suallar doğurur.

“Mən ‘Kinematoqrafçılar İttifaqı ləğv edilməlidir’ deməzdim. Mən deyərdim ki, ittifaq özünü yenidən icad etməlidir”, – deyə o bildirib.

Jurnalistin fikrincə, qurum yalnız tədbirlər keçirmək, yubileyləri qeyd etmək, kino xadimlərinə fəxri adlar və mükafatlar ətrafında görünmək və köhnə münasibətləri qorumaqla kifayətlənərsə, onun əhəmiyyəti zamanla azalacaq.

“Bu gün Şəfiqə Məmmovanın qarşısında əslində çox maraqlı bir imkan var. O, öz sədrliyini ‘köhnə ittifaqın növbəti rəhbəri’ kimi deyil, köhnə ittifaqı XXI əsrin kino institutuna çevirən şəxs kimi tarixə yaza bilər. Bunun üçün isə ilk növbədə kreslonu deyil, funksiyanı dəyişmək lazımdır”, – Günel Musa qeyd edib.

O, paylaşımını belə yekunlaşdırıb:

“Kinoçuların gözü aydın deməyə hələ tezdir. Əvvəl baxaq görək, kinonun gözü nə vaxt açılacaq”.


Sizin reklam burada
Sizin reklam burada