Almaniyada sağ və ifrat sağ siyasi qüvvələrin mövqelərinin güclənməsi ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb olur.
Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, uzun illər Almaniyanın siyasi sistemində əsas xətti mərkəzçi qüvvələr, xüsusilə Xristian Demokrat İttifaqı (CDU) və Sosial Demokrat Partiyası (SPD) təşkil etsə də, son dövrlərdə bu balans dəyişməyə başlayıb.

Onun sözlərinə görə, hazırda sağ, xüsusilə də ifrat sağın təmsilçisi hesab olunan “Alternativ für Deutschland” (AfD) getdikcə daha geniş seçici kütləsini öz ətrafında birləşdirir.
“AfD partiyası Saksoniya-Anhalt əyalətində ‘ifrat sağçı’ hesab edilən partiyalar arasında rekordu yeniləyərək tarixə keçib. AfD-nin bu nəticəsi 1932-ci ildə səslərin 40,88 faizini qazanan NSDAP-ın göstəricisini də üstələyib. Bu səbəbdən nəticə həm siyasi, həm də tarixi baxımdan Almaniyada və bir sıra digər ölkələrdə ciddi müzakirələrə səbəb olub”, – politoloq qeyd edib.
Turan Rzayev vurğulayıb ki, hazırda dünyanın bir çox ölkəsində sağ siyasi qüvvələrin yüksəlişi müşahidə olunur:
“Bu proses münaqişələrin yenidən alovlandığı, yeni qarşıdurma və müharibələrin başladığı, köhnə ittifaqların zəiflədiyi və yeni əməkdaşlıq formatlarının yarandığı geosiyasi şəraitdə müəyyən narahatlıq doğurur”.
Politoloqun fikrincə, sağın yüksəlişi kollektiv tarixi yaddaşda XX əsrin birinci yarısının travmalarını da gündəmə gətirir. O, İtaliyada Corciya Meloninin hakimiyyətə gəlməsini, Yaponiyada sərt millətçi və mühafizəkar xətti təmsil edən Sanae Takaichinin siyasi yüksəlişini, Almaniyada isə Alice Weidelin rəhbərlik etdiyi AfD-nin mövqelərinin güclənməsini nümunə göstərib.
“Bu proseslər XX əsrin birinci yarısında İtaliyada Benito Mussolinin faşistlərinin, Yaponiyada militarist və millətçi qüvvələrin, Almaniyada isə Adolf Hitlerin rəhbərliyi altında nasizmin yüksəlişi ilə müəyyən paralellərin aparılmasına səbəb olur”, – Rzayev deyib.
O qeyd edib ki, bir əsr əvvəl İtaliya, Yaponiya və Almaniyada millətçi və radikal siyasi qüvvələrin güclənməsi həmin ölkələrin xarici siyasətinə də təsir edib və nəticədə dünya İkinci Dünya müharibəsinə sürüklənib.
“Bu gün isə yenidən həmin üç ölkədə, fərqli formalarda və tamamilə fərqli siyasi sistemlər daxilində milli maraqların, sərhədlərin, təhlükəsizliyin, hərbi gücün və milli kimliyin siyasətdə daha çox ön plana çıxmasının şahidi oluruq”, – politoloq bildirib.
Turan Rzayev hesab edir ki, müasir dövrdə sağ siyasi qüvvələrin güclənməsini birbaşa “faşizmin qayıdışı” kimi qiymətləndirmək düzgün deyil.
“Tarix təkrardan ibarətdir. Lakin tarixin eyni formada təkrarlanacağını söyləmək üçün heç bir əsas yoxdur. Sağın yüksəlişinə birbaşa ‘faşizmin qayıdışı’ prizmasından baxmaq bir qədər qeyri-real yanaşmadır. Bugünkü vəziyyət, sadəcə, 1930-cu illəri xatırladan müəyyən siyasi mexanizmlərin yenidən meydana çıxmasından başqa bir şey deyil”, – deyə o vurğulayıb.
Politoloqun sözlərinə görə, burada əsas məsələ cəmiyyətdə yaranan narazılıqların necə idarə olunmasıdır. İqtisadi, sosial və demoqrafik problemlərə mərkəzçi siyasi qüvvələr inandırıcı cavab verə bilmədikdə, daha sərt millətçi və populist qüvvələr üçün siyasi məkan genişlənir.
“Əslində, diqqət çəkən məqam təkcə ayrı-ayrı siyasətçilərin ideoloji mövqeləri deyil. Daha əhəmiyyətlisi, onların yüksəlişinin müxtəlif ölkələrdə oxşar sosial narahatlıqlar fonunda baş verməsidir. Miqrasiya, milli kimlik, təhlükəsizlik, iqtisadi qeyri-müəyyənlik, qloballaşmadan narazılıq və ənənəvi siyasi elitalara inamın azalması sağ və millətçi qüvvələrin əsas siyasi kapitalına çevrilir”, – Rzayev əlavə edib.
Politoloq sonda vurğulayıb ki, mövcud prosesləri faşizm və nasizmin yenidən yüksəlişi kimi qiymətləndirmək üçün əsas yoxdur.
“Yəni narahat olunası bir durum yoxdur. Faşizm və nasizm yenidən yüksəlmir”, – deyə Turan Rzayev bildirib.