BRICS liderləri bu həftəsonu Hindistanın paytaxtı Yeni Dehlidə bir araya gələcək. Ukrayna və Yaxın Şərqdəki münaqişələr, eləcə də ABŞ-Çin münasibətlərində artan gərginlik qrupun birlik nümayiş etdirmək imkanlarını ciddi şəkildə sınağa çəkir.
“The Korea Times” yazır ki, sammitə ev sahibliyi edən Hindistan Çin və Rusiya ilə münasibətlərini ABŞ və digər Qərb ölkələri ilə getdikcə genişlənən tərəfdaşlıqları arasında balanslaşdırmağa çalışacaq.
Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin və İran Prezidenti Məsud Pezeşkianın sammitdə iştirakı gözlənilir.
BRICS əvvəlcə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın adlarının ingiliscə baş hərflərindən yaranan birlik kimi formalaşıb. Təşkilat sonradan genişlənərək 11 ölkəni birləşdirib. Bu ölkələr birlikdə dünya əhalisinin təxminən yarısını, həmçinin qlobal enerji, resurslar və iqtisadi istehsalın əhəmiyyətli hissəsini təmsil edir.
Ekspertlər hesab edirlər ki, BRICS-in genişlənməsi qrup daxilindəki fikir ayrılıqlarını da daha qabarıq şəkildə üzə çıxarıb. Üzv ölkələr qlobal nizamda daha böyük təsir imkanları əldə etməyə çalışsalar da, onların siyasi, iqtisadi və xarici siyasət maraqları bir sıra məsələlərdə üst-üstə düşmür.
Ukrayna və İran ətrafında yaranmış münaqişələr də bu fikir ayrılıqlarını daha aydın nümayiş etdirə bilər. İran genişlənmiş BRICS-in üzvüdür, Rusiya isə təşkilatın ən nüfuzlu iştirakçılarından biri hesab olunur. Çin hər iki ölkə ilə yaxın münasibətlərə malikdir. Hindistan isə eyni zamanda Rusiya, İran, ABŞ və Avropa ölkələri ilə əlaqələr saxlayır.
Bu müxtəliflik BRICS-in beynəlxalq münaqişələrə dair vahid və sərt mövqe formalaşdırmasını çətinləşdirir. Qrupda Hindistan və Çin, İran və Səudiyyə Ərəbistanı, eləcə də Misir və Efiopiya kimi regional maraqları bir-biri ilə rəqabət aparan ölkələr yer alır.
Beynəlxalq Böhran Qrupunun baş analitiki Praveen Donthi bildirib ki, Qlobal Cənub vahid və yekcins bir qurum deyil.
“Qlobal Cənub vahid qurum deyil. Buna görə də qrup bu münaqişələri idarə etmək və onların həllində vasitəçilik etməkdə çətinlik çəkəcək”, – deyə ekspert vurğulayıb.
Beləliklə, Yeni Dehlidə keçiriləcək BRICS sammiti yalnız iqtisadi əməkdaşlıq deyil, həm də üzv ölkələrin qlobal siyasi məsələlərdə ortaq mövqe formalaşdırmaq qabiliyyətinin sınağı kimi qiymətləndirilir.
News365.az