Jurnalist Azər Rəşidoğlu Azərbaycanda dini və məzhəbi məsələlərlə bağlı ictimai müzakirələrdə səsləndirilən fikirlərə münasibət bildirib.
Rəşidoğlu sosial şəbəkə hesabında paylaşdığı yazıda özünü “ateist” kimi təqdim edən bəzi şəxslərin fəaliyyətini də tənqid edib. O, ateizmin mahiyyət etibarilə bütün dinlərin ilahi mənşəyini inkar etməsinə baxmayaraq, bəzi hallarda əsas tənqid hədəfinin İslam dini olduğunu vurğulayıb.
Jurnalistin sözlərinə görə, bu zaman ateizm ilə dini tənqid arasındakı sərhəd bulanıqlaşır və İslamafobik yanaşmalar meydana çıxır.
O, Azərbaycanda tez-tez səsləndirilən “İslam ərəblərin dinidir”, “şiələr İrana işləyir” və “şiəlik bu torpaqlara zorla gətirilib” kimi fikirləri də tənqid edib.
Rəşidoğlu bildirib ki, İslam VII əsrdən etibarən Azərbaycan ərazilərində yayılıb, şiəlik isə əsrlər ərzində formalaşaraq ölkənin dini-mədəni irsinin bir hissəsinə çevrilib.
“Azərbaycanın tarixən formalaşmış dini modelinin əsas xüsusiyyəti şiə və sünni icmalarının dinc yanaşı yaşaması və ortaq milli kimlik ətrafında birləşməsidir”, – deyə jurnalist qeyd edib.
Azər Rəşidoğlu şəxsi mövqeyindən də danışaraq həyatında məzhəbçi olmadığını bildirib.
“Məni tanıyanlar çox gözəl bilir ki, həyatım boyu məzhəbçi olmamışam. Kimsə israrla soruşmadığı halda, Cəfərilik fiqhi ilə ibadət etdiyimi belə açıqlamamışam. Əhli-sünnə dostlarım hansısa dini suala cavab axtaranda ilk xatırladıqları mən olmuşam”, – deyə o yazıb.
Jurnalist qeyd edib ki, sünni məzhəbinə uyğun ibadət etmək istəyən dostlarına öz məzhəbinin qaydalarını izah etməyə çalışıb və bilmədiyi məsələlərdə onlara həmin fiqhə uyğun kitablar təqdim edib.
“Dostlarımızla bərabər məsciddə sünnilərin əleyhinə danışan imam-camaatın arxasında namaz qılmaqdan nümayişkaranə imtina edib, səflərimizi tərk etmişik. Bu hadisənin iştirakçısı olan, həmin hadisəyə sərt reaksiya göstərən dostum Azər Rəşidoğlu da gözəl xatırlayır bunu”, – deyə paylaşımda qeyd olunub.
Rəşidoğlu həmçinin yas mərasimlərində sünnilərin dua etmə formasını qınayan din xadiminə etiraz etdiyini bildirib.
“Yas mərasimində sünnilərin dua etmək şəklini qınayan mollaya sünni dostumun yanında etiraz edib, həmin din xadimini susdurmuşam. Amma görürəm ki, özünü din bilicisi hesab edən bəzi adamlar Hz. Əlini (ə) və Əhli-Beyti (ə) sevməyi ‘İranın adamı’ olmaq kimi cəmiyyətə sırımaq istəyirlər”, – jurnalist vurğulayıb.
O bildirib ki, məzhəbindən asılı olmayaraq Əhli-Beyti sevən müsəlman bunu dini inancının bir hissəsi kimi qəbul edir.
“Əhli-Beyti (ə) sevən müsəlman, məzhəbindən asılı olmayaraq, Allahın Qurani-Kərimdə buyurduğu ayədəki əmri yerinə yetirir. Görəsən, bu ‘alimlər’ bilmirlər ki, Quranda təkcə bir ayəni inkar etmək belə insanı dindən çıxarır? Yəqin ki, bilirlər. Bu cür davranışın səbəbini milli-mənəvi dəyərlərin daşıyıcısı olan əksəriyyət bilir”, – deyə Rəşidoğlu əlavə edib.