Almaniyada mağaza, restoran və xidmət sahələrində fəaliyyət göstərən sahibkarların nağdsız ödəniş qəbul etməsi məcburi edilə bilər.
News365.az xəbər verir ki, Almaniyanın maliyyə naziri Lars Klinqbayl bununla bağlı qanun layihəsinin hazırlanmasını istəyir.
Hazırda Almaniyada bizneslər nağd ödənişi qəbul etməlidir, lakin kartla ödənişdən imtina edə bilirlər. Yeni qaydalara əsasən isə müştəriyə həm nağd, həm də rəqəmsal ödəniş imkanı yaradılmalıdır.
Ödənişin hansı rəqəmsal üsulla qəbul ediləcəyini sahibkar özü müəyyənləşdirə biləcək. Həmçinin nağdsız ödəniş üçün minimum məbləğ müəyyənləşdirilməsi nəzərdə tutulmur. Yəni hətta bir fincan qəhvənin pulunu da kartla ödəmək mümkün olacaq. Nağd pul isə ləğv edilmir. Yeni tələb yalnız sahibkarların əlavə olaraq rəqəmsal ödəniş imkanı yaratmasını nəzərdə tutur. Qeyri-kommersiya təşkilatları, o cümlədən həvəskar idman klubları və xeyriyyə birlikləri isə bu tələbdən istisna ediləcək.
Almaniya hökumətinin qanun layihəsini bu il qəbul etməsi, yeni qaydaların isə 2027-ci ildən qüvvəyə minməsi gözlənilir. Almaniya “Bundesbankı”nın məlumatına görə, ötən il ölkədə gündəlik ödənişlərin 55 faizi artıq nağdsız həyata keçirilib.
Maraqlıdır ki, bu istiqamətdə Azərbaycan Almaniyadan daha əvvəl məcburi mexanizmlər tətbiq edib. Azərbaycanda POS-terminal quraşdırılması məcburi olan ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin qəbulundan imtina istehlakçı hüquqlarının pozulması hesab olunur. Belə obyektlərdə nağdsız ödənişlərin POS-terminal vasitəsilə qəbul edilməsi qanunvericiliklə tənzimlənir.
Beləliklə, Almaniyada 2027-ci ildən tətbiqi planlaşdırılan sistem Azərbaycanda artıq müəyyən kateqoriyalı obyektlər üçün mövcud olan tələblərə bənzəyir. Azərbaycanda isə həm nağd, həm də qanunvericiliyin tələb etdiyi hallarda nağdsız ödəniş imkanı saxlanılır.