Qarabağda böyük dəyişiklik: Xarici nümayəndələr nəyi görəcək?

Qarabağda böyük dəyişiklik: Xarici nümayəndələr nəyi görəcək?
15:40

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunan səfərlər həm ölkədə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin nəticələrinin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi, həm də bölgədə yeni reallıqların göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Politoloq Ülviyyə Zülfüqar News365.az-a açıqlamasında bildirib ki, bu cür səfərlər işğaldan azad edilmiş ərazilərdə son illərdə həyata keçirilən dəyişiklikləri əvvəlki vəziyyətlə müqayisəli şəkildə müşahidə etmək imkanı yaradır.


“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə əvvəlki səfərlərin bir çoxunda həmin torpaqların işğaldan azad edilməsindən sonra qarşıda duran problemlər və reallıqlar müşahidə olunurdu. Uzun illər baxımsız vəziyyətdə qalmış ərazilər, dağıdılmış yaşayış məntəqələri, yol və infrastruktur problemləri, səhiyyə və digər sosial məsələlər həmin səfərlərin əsas mövzularından idi”, – deyə politoloq bildirib.

Onun sözlərinə görə, indiki səfərlər isə həmin ərazilərdə sonradan baş verən dəyişiklikləri və görülən işlərin nəticələrini yerində nümayiş etdirmək baxımından fərqlənir.

“Bu baxımdan səfərin əsas məzmunlarından biri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərinin real nəticələrinin yerində nümayiş etdirilməsidir. Yeni yolların və digər infrastrukturun yaradılması, yaşayış məntəqələrinin bərpası, insanların doğma torpaqlarına qaytarılması bu prosesin mühüm istiqamətləridir”, – Ülviyyə Zülfüqar qeyd edib.

Politoloq vurğulayıb ki, görülən işlər yalnız infrastrukturun yenilənməsi ilə məhdudlaşmır.

“Burada söhbət yalnız yaşayış şəraitinin yaxşılaşdırılmasından getmir. Azərbaycanın həmin ərazilərdə dövlət quruculuğu və hərbi-siyasi baxımdan yeni reallıqları formalaşdırması da xüsusi əhəmiyyət daşıyır. Bu gün həmin ərazilərdə yaranan real vəziyyət Azərbaycanın yeni mərhələyə keçidini nümayiş etdirir”, – deyə o bildirib.

Ülviyyə Zülfüqar hesab edir ki, bu səfərlər siyasi baxımdan da mühüm əhəmiyyət kəsb edir.

“Beynəlxalq və siyasi müstəvidə bu səfərlərin əhəmiyyəti böyükdür. Xarici nümayəndələrin və müxtəlif ölkələrdən gələn şəxslərin işğaldan azad edilmiş ərazilərdə aparılan işləri birbaşa müşahidə etməsi Azərbaycanın əldə etdiyi nəticələrin real mənzərəsini görmək imkanı yaradır”, – politoloq deyib.

Onun sözlərinə görə, belə səfərlər Azərbaycanın regionda uzunmüddətli sülh, sabitlik və normal həyatın bərpasında maraqlı olduğunu da nümayiş etdirir.

“Bu səfərlər mühüm mesaj verir. Azərbaycan göstərir ki, region artıq müharibədən sonrakı yeni mərhələyə – bərpa, qayıdış, sülh və inkişaf mərhələsinə qədəm qoyur. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər də bu prosesin real nəticələrini ortaya qoyur”, – deyə Ülviyyə Zülfüqar əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada