Bakı–Xırdalan–Sumqayıt dəmir yolu marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin bərpası yenidən təxirə salınıb.
Bir müddət əvvəl “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən qatarların yeni tədris ilinə qədər fəaliyyətini bərpa edəcəyi bildirilsə də, son məlumata görə, marşrut üzrə hərəkət sentyabrın 15-dək bərpa edilməyəcək.
Buna səbəb kimi ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən inşa edilən tunelin tikintisinin gecikməsi göstərilir.
Məsələ ilə bağlı jurnalist Məraim Nəsib sosial şəbəkə hesabında paylaşım edib. O, qatarların fəaliyyətinin bərpasının yenidən təxirə salınmasını tənqid edib.
Jurnalist bildirib ki, daha əvvəl marşrutun yeni tədris ilinə qədər fəaliyyətə başlayacağı açıqlansa da, bu vəd reallaşmayıb. Məraim Nəsib gecikmənin sərnişinlər üçün əlavə narazılıq yaratdığını qeyd edib.
Qeyd edək ki, Bakı–Xırdalan–Sumqayıt dəmir yolu xətti xüsusilə hər gün paytaxta işləməyə və təhsil almağa gedən sərnişinlər üçün mühüm nəqliyyat marşrutlarından biridir. Qatarların fəaliyyətinin uzun müddət dayanması həmin istiqamətdə alternativ nəqliyyata tələbatı da artırır.