Cənubi Afrika "Black Axe" şəbəkəsinin 6 üzvünü ABŞ-yə təhvil verir

Cənubi Afrika "Black Axe" şəbəkəsinin 6 üzvünü ABŞ-yə təhvil verir
15:50

Cənubi Afrika Respublikası "Black Axe" mütəşəkkil cinayət qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 6 Nigeriya vətəndaşını Amerika Birləşmiş Ştatlarına təhvil verəcək.

News365.az xəbər verir ki, \bu barədə ölkənin xüsusi polis bölməsi ("Hawks") məlumat yayıb. "Reuters" agentliyinin xəbərinə görə, həmin şəxslər ABŞ hüquq-mühafizə orqanları tərəfindən elektron kiberfırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunurlar.

İttiham aktına əsasən, dəstə üzvləri internet üzərindən uydurma romantik münasibətlər quraraq ABŞ-də 100-dən çox qadını aldadıblar. Zərərçəkənlər arasında təqaüdçülər və sahibkarlar da var. Fırıldaqçılar ümumilikdə 100 milyon randdan ($6.2 milyon) çox vəsaiti mənimsəyiblər.

2021-ci ildə Cənubi Afrikada həbs edilən 6 şübhəlinin Keyptaun Beynəlxalq Hava Limanında ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və Məxfi Xidmətin nümayəndələrinə təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, "Black Axe" təşkilatı 1970-ci illərin sonunda "Afrika Yeni Qara Hərəkatı" adı ilə tələbə birliyi kimi yaranıb. Sonradan bu struktur maliyyə kiber-cinayətləri və digər qanunsuz əməllərlə məşğul olan transmilli mütəşəkkil cinayət dəstəsinə çevrilib. İl ərzində İsveçrə və İspaniyada da qruplaşmanın digər üzvləri saxlanılıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada