Təhsil eksperti Etibar Əliyev elm və təhsil naziri Emin Əmrullayevin “Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür” açıqlamasına münasibət bildirib.
Ekspert bu fikirdən çıxış edərək Azərbaycanda şagirdlərin müxtəlif fənlər üzrə fundamental biliklərinin səviyyəsinin də müzakirə edilməli olduğunu vurğulayıb.
News365.az xəbər verir ki, Etibar Əliyev sosial şəbəkə hesabında paylaşdığı yazıda kimyəvi elementlərin valentliyini, sürət və təcil düsturlarını, ədədi kəsrləri və faizləri hesablamağı, hüceyrənin quruluşunu neçə şagirdin bildiyini sual edib.
“Bəs Azərbaycanda hər üç nəfərdən neçəsi kimyəvi elementlərin valentliyini, sürətin və təcilin düsturunu, ədədi kəsri və faizi hesablamağı, hüceyrənin quruluşunu bilir? Şagirdlər Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, İsa Hüseynovun “Tütək səsi”, Yusif Səmədoğlunun “Qətl günü”, Cəfər Cabbarlının “Aydın” pyesi və digər vacib əsərləri oxuyub anlaya bilmirlər?” – deyə ekspert qeyd edib.
Əliyev nazirin Azərbaycan dili və ədəbiyyat dərsliklərinin məzmunu ilə maraqlanıb-maraqlanmadığını da sorğulayıb.
O bildirib ki, DİM ekspertləri ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün nəzərdə tutulan “Ədəbiyyat” dərsliyində məzmunun işlənməsi baxımından 36, dil və yazı üslubu baxımından isə 24 qüsur aşkar ediblər.
Ekspert həmin qüsurların aradan qaldırılıb-qaldırılmadığını sual edib:
“Həmin qüsurlar aradan qaldırıldımı? Şagird dərslikdən səhvlər tapır”.
Etibar Əliyev klassik ədəbiyyat nümunələrinin dərsliklərdən çıxarılmasını da tənqid edib. Onun sözlərinə görə, bəzi klassik müəlliflərin əsərləri əvəzinə müasir müəlliflərin yazıları daxil edilir.
Ekspert 7-ci sinif “Azərbaycan dili” dərsliyində yer alan “Dovşan şeiri”ni də tənqid edib və həmin nümunənin uşaqların ədəbi zövqünə təsiri ilə bağlı suallar doğurduğunu bildirib.
Əliyev daha sonra uşaq ədəbiyyatında geniş istifadə olunan bəzi şeirlərə diqqət çəkib. O, Zahid Xəlilin “Qara toyuq” şeirini nümunə göstərərək bu tip əsərlərin uşaqların təfəkkürünə mənfi təsir etdiyini iddia edib.
“Belə urvatsız şeirləri uşaqlara əzbərlədirlər. Bu tip şeirlər uşaq təfəkkürünü və xarakterini korlayır. Bu məmləkətdə dərsliklər də dostluq və digər maraqlarla yazdırılır. Bundan böyük fəlakət ola bilərmi?” – deyə ekspert bildirib.
Etibar Əliyev sonda Emin Əmrullayevin şagirdlərin oxuduğunu anlamaması ilə bağlı açıqlamasını da tənqid edib.
“Urvatsız dərsliklərin baiskarı olan Emin Əmrullayev isə şagirdləri oxuyub anlamamaqda təqsirləndirir”, – deyə o əlavə edib.
News365.az