Yəməndə husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr arasında qarşıdurma yeni mərhələyə keçir. Ölkənin müxtəlif bölgələrində husilərə qarşı hərbi əməliyyatların genişlənməsi fonunda münaqişəyə Türkiyə və Pakistanın da cəlb olunması ehtimalı gündəmə gəlib.
Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Yəməndə hökumət qüvvələrinin əldə etdiyi ilkin uğurlar husilərin hərbi baxımdan məğlub edilməsi anlamına gəlmir.
Onun sözlərinə görə, 2014-cü ildən Sənaya nəzarət edən husilər ölkənin şimalında geniş ərazilərə və ciddi hərbi imkanlara malikdirlər.
“Yəməndə husilərin məğlub edilməsi çox vacibdir. HƏMAS-ın hərbi gücünün böyük ölçüdə sıradan çıxması, Livanda “Hizbullah”ın zəifləməsi və Suriyada Əsəd rejiminin süqutundan sonra İranın “Şiə hilalı”ndan geriyə qalan əsas güc husilər idi. Husilərin son aylarda Bab əl-Məndəb boğazını bağlamaq ehtimalı, bunun beynəlxalq ticarətə yarada biləcəyi maneələr və digər məsələlər oxların onlara tərəf çevrilməsinə səbəb oldu”, – politoloq vurğulayıb.
Turan Rzayev hesab edir ki, husilər Səudiyyə Ərəbistanı üçün də ciddi təhlükə mənbəyidir. O, xüsusilə neft obyektlərinə vaxtaşırı edilən hücumların Ər-Riyadı məsələyə daha ciddi yanaşmağa məcbur etdiyini bildirib.
“Bununla belə, hökumət qüvvələrinin son irəliləyişləri hələ husilərin hərbi baxımdan məğlub edildiyi anlamına gəlmir. Bu qruplaşma ölkənin şimalında geniş ərazilərə və ciddi hərbi imkanlara malikdir. Ona görə də Sənanın geri alınması hökumət qüvvələri üçün olduqca mürəkkəb və çətin hərbi əməliyyat tələb edə bilər”, – deyə Rzayev qeyd edib.
Politoloq Yəməndəki proseslərin Türkiyə və Pakistanın da münaqişəyə cəlb olunmasına səbəb ola biləcəyini düşünür.
“Hazırkı vəziyyət Yəməndə münaqişənin yeni mərhələyə keçməsi ehtimalını xeyli artırır. Ən sadə formada desəm, Yəməndəki proseslər qısa müddət öncə yaradılan, “Məkkə sazişi”nin iştirakçıları olan Türkiyə və Pakistanın da prosesə qoşulmasına gətirib çıxara bilər”, – o deyib.
Rzayev Pakistanın Baş naziri Şahbaz Şərifin husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləməsinə də diqqət çəkib. Onun sözlərinə görə, “Məkkə sazişi” NATO-nun 5-ci maddəsinin məntiqinə uyğun şəkildə formalaşdırılıb.
“Yəni Səudiyyə Ərəbistanına husilərin hücumu Türkiyə və Pakistana da hücum deməkdir”, – politoloq bildirib.
Turan Rzayev ABŞ-ın da Yəməndəki proseslərdə maraqlı olduğunu düşünür. O, Vaşinqtonun Səudiyyə Ərəbistanının əməliyyatını dəstəkləsə də, ona birbaşa rəhbərlik etməkdən imtina etməsini xüsusi məqam kimi qiymətləndirib.
“ABŞ əvvəldən hazırladığı planı icra edir. Belə ki, Vaşinqton “İbrahim sazişi” ilə Yaxın Şərqdə NATO yaratmağa çalışırdı. Bu baş tutmadıqdan sonra daha fərqli yanaşmaya gedərək Yaxın Şərqdəki üç aparıcı müttəfiqini bir araya gətirib “Məkkə sazişi”ni yaratdı. İndi isə bu birlik ilk ciddi sınağı ilə üz-üzədir”, – Rzayev vurğulayıb.
Politoloq hesab edir ki, Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr husiləri geri çəkilməyə məcbur etdikcə, qruplaşmanın Ər-Riyada daha sərt cavab zərbələri endirməsi mümkündür.
“Bu, gec-tez Pakistanla Türkiyənin prosesə müdaxilə etməsinə səbəb olacaq. Bu isə faktiki olaraq husilərin Yəməndə ya mövqelərinin ciddi şəkildə sarsılması, ya da tam məğlubiyyəti ilə nəticələnəcək”, – deyə o əlavə edib.
Rzayevin fikrincə, Vaşinqtonun “Məkkə sazişi”ni Yəməndə sınaqdan keçirməsi uğurlu olarsa, gələcəkdə bu mexanizmdən İrana qarşı istifadə imkanları da nəzərdən keçirilə bilər.
“Əgər ortada bir müdafiə paktı varsa, bir düşmənə də ehtiyac var. O düşmən isə, heç şübhəsiz, İran olacaq”, – politoloq fikirlərini yekunlaşdırıb.
Turan Rzayev