ABŞ və İsrailin bölgədəki fəaliyyəti fonunda İranın təhlükəsizlik və maliyyə siyasəti diqqət mərkəzində qalmaqda davam edir.
Milli Məclisin deputatı Rasim Musabəyov News365.az-a açıqlamasında bildirib ki, İranın təhlükəsizlik strukturlarına qarşı həyata keçirilən əməliyyatlar ABŞ və İsrailin razılığı çərçivəsində baş verib.

Deputat qeyd edib ki, əvvəlki dövrdə fəaliyyət göstərən və hazırda aradan götürüldüyü bildirilən təhlükəsizlik rəsmiləri ilə müqayisədə yeni rəhbərlik daha ehtiyatlı davranır. Onun sözlərinə görə, mövcud şəraitdə İran rəsmiləri təhlükəsizlik səbəbilə telefon rabitəsindən və birbaşa təmaslardan çəkinir, məlumat mübadiləsini daha çox vasitəçilər və yazılı üsullarla həyata keçirirlər.
Rasim Musabəyov həmçinin “həvələ” (qeyri-rəsmi pul köçürmə sistemi) məsələsinə də toxunub. O bildirib ki, İranın Rusiyadakı səfirinin açıqlamalarına əsasən, Tehran bəzi ölkələri müəyyən kateqoriyalara bölərək maliyyə münasibətlərini bu çərçivədə qurur. Bu sistem vasitəsilə bəzi ölkələrin İranla qeyri-rəsmi maliyyə əlaqələri saxladığı ehtimal olunur.
Deputatın sözlərinə görə, artıq Rusiya ilə bağlı ilk maliyyə əməliyyatlarının həyata keçirildiyi və əldə olunan vəsaitlərin İranın mərkəzi bankına köçürüldüyü barədə məlumatlar yayılıb. Lakin hansı ölkələrin konkret olaraq bu mexanizmdə iştirak etdiyi və birbaşa ödənişlər həyata keçirdiyi barədə rəsmi açıqlamalar mövcud deyil.
Rasim Musabəyov vurğulayıb ki, bu məsələdə məlumatların qapalı saxlanılması İranın beynəlxalq sanksiyalardan yayınmaq və maliyyə axınlarını qorumaq cəhdləri ilə bağlı ola bilər. Onun fikrincə, hazırda bu proseslər daha çox qeyri-şəffaf və dolayı kanallar üzərindən həyata keçirilir.