İran Ali Məhkəməsi üç azərbaycanlı milli fəal — Araz Əman, Ayaz Seyfxah və Baqir Hacızadə barəsində çıxarılmış ümumilikdə 25 illik həbs hökmünü qüvvədə saxlayıb.Tehran İnqilab Məhkəməsinin qərarına əsasən:
Araz Əman və Baqir Hacızadə “casusluq” ittihamı ilə 8 il,
Ayaz Seyfxah eyni maddə üzrə 9 il,
Hər üç fəal isə “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə əlavə 5 il həbs cəzası alıblar.
Bundan başqa, onlara 2 il müddətinə siyasi fəaliyyətlə məşğul olmaq, mediada çıxış etmək və ölkəni tərk etmək qadağan edilib.
Qeyd edək ki, fəallar 2023-cü ilin fevralında Təbrizdə məhkəmə qərarı olmadan saxlanılıb və daha sonra Tehrana aparılıblar. Onlara qarşı irəli sürülən ittihamların heç biri üzrə hüquqi əsaslı sübutlar təqdim edilməyib və zaminə buraxılma hüquqları da tanınmayıb.
Hazırda onlar Tehran Böyük Həbsxanasında ağır və qeyri-insani şəraitdə saxlanılırlar.
Bu qərar beynəlxalq insan haqları təşkilatları tərəfindən ciddi hüquq pozuntusu kimi qiymətləndirilə bilər və məsələnin daha geniş miqyasda gündəmə gətirilməsi gözlənilir.