Gürcüstan parlamentinin xüsusi istintaq komissiyası sabiq prezident Mixeil Saakaşvilini 2008-ci ildə baş vermiş beşgünlük Rusiya–Gürcüstan müharibəsinə görə ittiham edib.
News365.az xəbər verir ki, “Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə hazırlanmış 460 səhifəlik hesabatda Saakaşvilinin 2004-cü ildən etibarən Abxaziya və Cənubi Osetiya istiqamətində gərginliyi artırdığı, 2008-ci il avqustun 8-də isə Tsinvalinin Gürcüstan ordusu tərəfindən atəşə tutulmasının müharibəni alovlandırdığı iddia olunub.
Parlament sədri Şalva Papuaşvili bildirib ki, Saakaşviliyə qarşı “dövlətə xəyanət” maddəsi ilə yeni - altıncı cinayət işi açıla bilər. Bu isə ona ömürlük həbs cəzası ilə nəticələnə bilər.
Hesabatın parlamentdə açıqlanmasından sonra yüzlərlə müxalifətçi Tbilisinin Rustaveli prospektində aksiya keçirib. Polis yolun bağlanmasına imkan verməyib, nəticədə 23 nəfər saxlanılıb. Onlara inzibati qaydada 2 aya qədər həbs və ya 5 min lari (təxminən 1850 dollar) cərimə tətbiq oluna bilər.