Boğaz-burun cərrahı Ramil Həsimli muğam müsabiqələrinin təşkilinə etirazını bildirib.
News365.az xəbər verir ki, O, bu barədə fikirlərini feysbuk səhifəsində paylaşıb.
Ramil Həsimlinin sözlərinə görə, muğam Azərbaycan mədəniyyətinin toxunulmaz dəyərlərindəndir və ona hörmətsizlik cinayətlə bərabərdir:
“Dövlətimiz muğama və xanəndələrimizə dəstəyini əsirgəmir. Amma təəssüf ki, hər il keçirilən və gənc xanəndələrin yetişdirilməsi üçün vacib platforma rolunu oynamalı olan muğam müsabiqələri az qala hər dəfə qalmaqalla nəticələnir. Son müsabiqə də istisna olmadı”.
Həkim qeyd edib ki, iki həftədir sosial şəbəkələrdə iştirakçıların və müəllimlərin narazılıqları müzakirə olunur:
“Mükafatlandırma mərasimində bir gəncin etirazını açıq şəkildə nümayiş etdirməsi isə lap acınacaqlı oldu. Həsrətli Laçında belə bir hadisənin baş verməsi yolverilməz idi. Hörmətli münsiflər heyəti ədalətsizlikdə ittiham olunur. Bunun qarşısını almaq mümkün idi”.
Ramil Həsimli problemin həlli üçün sadə mexanizm təklif edib:
“Müsabiqə boyu finalçıların topladığı ballar cəmlənsə və yerlər ona görə bölünsəydi, heç kim narazı qalmazdı. Belə olduqda nə muğamımıza, nə sənətkarlarımıza hörmətsizlik edilərdi, nə də xoşagəlməz mübahisələr yaranardı. Ümid edirəm, növbəti müsabiqədə bu məsələlər nəzərə alınacaq”.
O, əlavə edib ki, bu səbəbdən artıq illərdir müsabiqələri izləməməyə çalışır:
“Bu il də yalnız bir neçə dəfə baxdım, amma hər dəfə eyni mənzərə ilə rastlaşdım”.
News365.az