Berluskoninin məşhur villasına astronomik qiymət qoyuldu
İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin “Bunga Bunga” adı ilə yadda qalan villası satışa çıxarılıb.
Məlumata görə, Sardiniya adasında, Porto Rotondo yaxınlığında yerləşən “Villa Certosa”ya 500 milyon avro qiymət qoyulub. İddialara əsasən, malikanə ilə ərəb iş adamlarından biri maraqlanır.
120 hektar ərazidə salınmış villada 126 otaq, 7 üzgüçülük hovuzu, 4500 kvadratmetrlik yaşayış sahəsi və 180 kvadratmetrlik qaraj mövcuddur. Bundan əlavə, ərazidə süni vulkan, şəlalələr və nadir orxideyalardan ibarət istixana da var.
Berluskoninin təşkil etdiyi qalmaqallı “Bunga Bunga” məclisləri ilə məşhurlaşan villa əvvəllər də satışa çıxarılmış, lakin alıcı tapmamışdı.
Xatırladaq ki, 2013-cü ildə yayılan fotolarla böyük rezonans doğuran tədbirlərdən sonra Berlusconi vergidən yayınmaya görə məhkum edilmiş, ictimai vəzifələrdən kənarlaşdırılmışdı. O, 2023-cü ildə vəfat edib.
Məşhur malikanə vaxtilə ABŞ-ın sabiq prezidenti Corc Buşu, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleri və Rusiya lideri Vladimir Putini də qonaq edib.