Venesuela ilə ABŞ arasında gərginlik pik həddə çatıb. Belə ki, ABŞ Venesuela sahillərinə yeddi hərbi gəmi, o cümlədən üç destroyer, bir sualtı qayıq və təxminən iki min
dəniz piyadası göndərib. Rəsmi Vaşinqton əməliyyatı “narkotiklərlə mübarizə” adı altında təqdim etsə də, bəzi mənbələr əsl məqsədin Prezident Maduroya təzyiq göstərmək və ya onu aradan qaldırmaq olduğunu bildirir.
Xüsusilə az əhalisi olan bölgələrdə narkotik istehsalı, habelə Rusiyanın tikdiyi yeni silah zavodları mümkün hədəf kimi göstərilir. Hətta bəzi iddialara görə, Maduro ABŞ tərəfindən terrorizmdə şübhəli bilinməsi səbəbindən pilotsuz uçuş aparatının hədəfinə çevrilə bilər.
Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Television” telekanalına verdiyi açıqlamada bildirib ki, ABŞ əsassız bəhanələrlə ölkəyə müdaxilə etməyə çalışır, məqsəd isə Venesuelanın təbii sərvətlərini ələ keçirmək və ölkənin müstəqil inkişafına mane olmaqdır.
Aydındır ki, Tramp administrasiyası Venesuelaya qarşı sərt siyasət yürüdür. Vaşinqton müxalifətə açıq şəkildə dəstək verir, Maduro və ordusuna qarşı sanksiyalar tətbiq edir. Bununla belə, etiraf edilməlidir ki, Maduro da zəif fiqur deyil. O, Rusiya və Çinlə sıx əlaqələrə malikdir və ABŞ üçün Latın Amerikasında risk daşıyan əsas liderlərdən biridir.
Amma Trampın bir tərəfdən Ermənistan-Azərbaycan danışıqları, digər tərəfdən Rusiya-Ukrayna münaqişəsində vasitəçilik, eləcə də İran-İsrail gərginliyindəki mövqeyini nəzərə alsaq, birdən-birə diqqətini Venesuelaya yönəltməsi “sağa baxıb, sola vurmaq” strategiyası kimi görünür.
Doğrudur, atılan addımlar öncədən planlaşdırılır. Amma bu addımların beynəlxalq ictimaiyyətə və dünya siyasətinə ani və gözlənilməz şəkildə təqdim olunması ABŞ-ın xarici siyasətinin Tramp faktoru üzərindən qeyri-müəyyən görüntü almasına səbəb olur.
Yuxarıda qeyd edilən bütün versiyalar, yəni narkotik kartellərinə qarşı əməliyyat və ya Maduronun devrilməsinə yönəlmiş hərbi təzyiq özlüyündə real və diqqətəlayiqdir. Amma bir iddia xüsusilə ön plana çıxır: Maduro bildirir ki, ABŞ Venesuelanın neftini, qazını, qızılını və digər təbii sərvətlərini pulsuz əldə etmək istəyir. O baş verənləri “Latın Amerikasında ən böyük inkişaf layihəsi – böyük xilaskar Simon Bolivarın ideyasına və Venesuela nümunəsinə son qoymaq” kimi qiymətləndirir.
Maduronun istinad etdiyi Simon Bolivar ideyası, Latın Amerikasının müstəqilliyi və birliyi ilə bağlı olan tarixi-siyasi yanaşmadır. Bolívar – ölkəmizdə az tanınsa da – ABŞ-ın qurucu atalarından olan Corc Vaşinqton kimi, Latın Amerikasında 19-cu əsrdə İspaniyaya qarşı mübarizə aparan, başda Venesuela və Kolumbiya olmaqla, bir sıra ölkələrin müstəqilliyini təmin edən liderdir. Onun məqsədi yalnız bu ölkələri müstəqil etmək yox, həm də onları birləşdirərək güclü və müstəqil bir regional ittifaq yaratmaq idi.
Maduro bu ideyanı öz siyasi xəttinə uyğun şəkildə şərh edir. Onun fikrincə, Venesuela yalnız təbii sərvətləri ilə yox, həm də anti-imperialist – yəni ABŞ təsirindən kənarda qalan, müstəqil – mövqeyi ilə seçilməlidir. Vaşinqtonun bu mövqeyə dözümsüz yanaşmasının səbəbi də məhz Bolívarın “azad və birləşmiş Latın Amerikası” ideyasını sındırmaq istəyi ilə bağlıdır.
Başqa sözlə, Maduro demək istəyir ki, “ABŞ sadəcə neft üçün gəlmir, onlar həm də ideoloji müstəqilliyimizə qarşı çıxırlar. İstəyirlər ki, biz boyun əyək, öz yolumuzdan dönək”.
Bununla belə, Maduronun sözləri həm doğru, həm də mübahisəlidir. Doğrudur, əgər həqiqətən bir “azad və birləşmiş Latın Amerikası” ideyası varsa, ABŞ bu ideyanı təhlükə kimi qəbul edəcək. Çünki Vaşinqtonun Latın Amerikası siyasəti əsrlərdir ki, “Böyük dəyənək” (Big Stick) doktrinasına əsaslanır. ABŞ bu regionu “özünün arxa bağçası” kimi görür və buradakı hərbi çevrilişlərə, sabitliyi pozan addımlara tez-tez dəstək verib. Məqsəd: bu ölkələri asılı vəziyyətdə saxlamaq.
Lakin unutmaq olmaz ki, ABŞ-ın bu yanaşmasının bir səbəbi də Latın Amerikasının daxili zəiflikləridir. Məsələn, ABŞ-a müstəqilliyi Corc Vaşinqton gətirmişdisə də, Tomas Cefferson və Benjamin Franklin kimi qurucu atalar bu müstəqilliyin ideoloji və sosial əsaslarını yaratmışdılar. Latın Amerikasında isə Bolivarın başladığı müstəqillik hərəkatı kifayət qədər sosial bazaya malik deyildi, buna görə də inqilab daxildə davam etdi. Bu da ABŞ-ın müdaxiləsini asanlaşdırdı.
Əslində, Maduro bu mənada Bolivardan fərqlənmir. Onun qurmaq istədiyi “azad və birləşmiş Latın Amerikası” ideyası da reallıqdan uzaqdır. Çünki Latın Amerikası ölkələri hər nə qədər dil, etnik və mədəni baxımdan bir-birinə bənzəsə də, bu oxşarlıqları vahid mərkəzdə birləşdirəcək ideoloji baza yoxdur. Maduro isə klassik avtoritar liderdir. Onun bu ideyası, Liviyanın sabiq lideri Müəmmar Qəzzafinin Afrika Birliyi arzusu kimi, həyata keçməsi çətin olan utopik bir təşəbbüsdür. Yeri gəlmişkən, Qəzzafinin də devrilməsində bu cür ideyaların rolu olmuşdu.
Mümkündür ki, ABŞ ilkin mərhələdə Maduroya sadəcə təzyiq göstərmək istəyir. Kartellərlə mübarizə adı altında onun ən böyük gəlir mənbələri sıradan çıxarıla bilər. Bu da müxalifətin və rəqiblərinin əlini gücləndirər. Həmçinin istisna deyil ki, Vaşinqton artıq Maduroya alternativ fiquru da müəyyənləşdirib. Amma bir məsələ dəqiqdir: Maduro Qəzzafinin taleyi ilə üzləşə bilər.
ABŞ hərəkətə keçərsə, bəzi Latın Amerikası ölkələri, xüsusilə Kolumbiya bu prosesdə Vaşinqtona ilk dəstək verənlərdən olacaq.