“Zəngəzur dəhlizinin açılması artıq qaçılmazdır”- Elşad Həsənov

“Zəngəzur dəhlizinin açılması artıq qaçılmazdır”- Elşad Həsənov
15:00

Avqustun 8-də Vaşinqtonda Ağ evdə keçirilən görüşdə Zəngəzur dəhlizi ilə bağlı mühüm qərar qəbul olunub. Dəhlizin 99 illik istifadəyə verilməsi barədə razılıq əldə edilib və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ratifikasiya olunub.

Bunu politoloq Elşad Həsənov News365.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Çində keçirilən 25-ci sammitdə də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olması və Zəngəzur dəhlizinin açılmasının regional əhəmiyyətini vurğulayıblar.

“Azərbaycan üzərindən keçən şimal, cənub, qərb və şərq dəhlizləri Zəngəzur dəhlizi ilə birlikdə daha böyük strateji mərkəzə çevriləcək. Təbii ki, bu dəhlizin açılmasını istəməyən qüvvələr də var. Ən yaxın qonşularımız olan İran və Rusiya müəyyən maneələr yaratmağa çalışır. Rusiya əvvəllər dəhlizin açılması üçün dəstək versə də, sonradan onun nəzarəti altında reallaşmadığı üçün buna qarşı mövqe tutmağa başlayıb. Əsas maneə törətməyə çalışan qüvvələr isə İrandadır”, – Həsənov qeyd edib.

Politoloq əlavə edib ki, İran daxilində bu məsələyə münasibət də yekcins deyil:
“Bəzi islamçı qruplar dəhlizin açılmasının İrana ziyan vurmayacağını bildirir, radikal dairələr isə onu ‘qırmızı xətt’ adlandırır. Amma hesab edirəm ki, artıq bu yolun açılması üçün ciddi işlər görülür və yaxın zamanda dəhliz fəaliyyətə başlayacaq”.


Sizin reklam burada
Sizin reklam burada