Emanuel Makron bildirib ki, Fransa və tərəfdaş ölkələr Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyini qorumaq məqsədilə yeni təşəbbüs üzərində işləyirlər. O vurğulayıb ki, plan hərbi donanmanın bölgəyə genişmiqyaslı yerləşdirilməsini nəzərdə tutmur.
News365.az xəbər verir ki, Keniyanın paytaxtı Nayrobidə Prezident William Ruto ilə keçirdiyi mətbuat konfransında Makron qeyd edib ki, Fransa artıq müəyyən hazırlıq addımları atıb. Bu çərçivədə “Şarl de Qoll” aviadaşıyıcısının Aralıq dənizinin şərqinə, Hörmüz boğazına yaxın əraziyə yönləndirilməsi qərara alınıb.
Makronun sözlərinə görə, Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə yaradılan missiyaya təxminən 50 dövlət və beynəlxalq qurum qoşulub. Əsas məqsəd bölgədə dəniz yollarının təhlükəsizliyini təmin etmək, həmçinin neft, qaz, ərzaq və gübrə daşımalarının fasiləsiz davam etməsi üçün koordinasiyanı gücləndirməkdir.
Fransa lideri əlavə edib ki, təşəbbüs İranla dialoq şəraitində və region ölkələrinin, eləcə də ABŞ-nin mövqeləri nəzərə alınaraq həyata keçiriləcək. O, tərəfləri gərginliyi artıracaq bəyanatlardan çəkinməyə və daha məsuliyyətli mövqe sərgiləməyə çağırıb.
News365.az