Paşinyan qalib gəlsə də, vəziyyəti ürəkaçan deyil – ŞƏRH

Paşinyan qalib gəlsə də, vəziyyəti ürəkaçan deyil – ŞƏRH
16:20

Ermənistanda keçirilən seçkilərdən sonra formalaşan yeni siyasi mənzərə və Nikol Paşinyan hakimiyyətinin qarşısında duran çətinliklər regionda diqqətlə izlənilir. Paşinyan komandasının qələbəsinə baxmayaraq, ölkədə daxili siyasi gərginlik hələ də tam səngiməyib.

Mövzu ilə bağlı News365.az-a açıqlama verən politoloq Sabir Məmmədli İrəvanın mövcud reallıqlarını və hakimiyyətin atmalı olduğu addımları şərh edib.

"Müxalifətin vəziyyəti heç də pis deyil, çünki arxalarında Rusiya var"

Politoloq bildirib ki, seçki nəticələri Paşinyana parlamentdə çoxluq qazandırsa da, bu, tam rahatlıq demək deyil. Çünki müxalifət hələ də ciddi rıçaqlara sahibdir:

"Hazırda Ermənistan Konstitusiya Məhkəməsinin yekun qərarı gözlənilir. Bu ərəfədə isə həm müxalifət, həm də hakimiyyətin yaxın çevrəsi müəyyən daxili məsləhətləşmələr və hazırlıqlar aparır. Açıq etiraf etmək lazımdır: Nikol Paşinyan əhalinin böyük hissəsinin səsini alaraq hökuməti təşkil etmək hüququ qazansa da, vəziyyəti heç də ürəkaçan deyil. Müxalif qüvvələr də parlamentdə kifayət qədər yer və səs toplayıblar. Üstəlik, onların Rusiya kimi güclü bir havadarı var. Ermənistan reallıqlarını nəzərə alsaq, bu mənada müxalifətin mövqeyini zəif hesab etmək olmaz".

"Avropanın dəstəyi sözdə qalır: Ermənistana 30 milyon yetərli deyil"

Sabir Məmmədli Qərbin və Avropa İttifaqının İrəvana verdiyi vədlərin iqtisadi və siyasi çəkisini də dəyərləndirib. Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Yerevana səfərləri və siyasi bəyanatları real fəsadları tam sığortalamır:

"Avropa İttifaqı Paşinyan komandasına böyük dəstək nümayiş etdirir, lakin bütün bunların çoxu sadəcə söz olaraq qalır. Bəli, ixracın dəstəklənməsi ilə bağlı təxminən 30 milyon avro civarında kiçik bir yardım nəzərdə tutulub. Amma Avropa bundan uzağa getmir, bu rəqəm Ermənistanın xilası üçün yetərli deyil".

Paşinyan komandasına TƏKLİF: "Radikallaşmaya getmək olmaz"

Mövcud risklər fonunda politoloq Paşinyan hakimiyyətinə geosiyasi balans xəbərdarlığı edib. O vurğulayıb ki, İrəvan rəsmi Moskva ilə ipləri tamamilə qoparmamalıdır:

"İndiki mərhələdə Paşinyan komandasının üzərinə çox böyük tarixi məsuliyyət düşür. Mənim təklifim və tövsiyəm o olardı ki, onlar Rusiya ilə münasibətləri daha da gərginləşdirməkdən, prosesləri radikallaşdırmaqdan qaçsınlar. Mövcud vəziyyətdə Ermənistanın yeganə çıxış yolu həm Rusiya, həm də regiondakı birbaşa qonşuları (Azərbaycan və Türkiyə) ilə münasibətləri normal müstəvidə inkişaf etdirməkdir".


Sizin reklam burada
Sizin reklam burada