TƏBİB-in yeni rəhbərliyi: “İcbari tibbi sığortada yenilik olacaq”

TƏBİB-in yeni rəhbərliyi: “İcbari tibbi sığortada yenilik olacaq”
13:10

“TƏBİB regionlarda həkim təminatı ilə bağlı geniş təhlillərə başlayıb. Məqsəd həm bölgələrdəki kadr çatışmazlığını aradan qaldırmaq, həm də mövcud tibbi resursların daha səmərəli istifadəsini təmin etməkdir”.

News365.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktorunun müavini Rahim Hüseynov media nümayəndələri ilə keçirilən qeyri-formal görüşdə danışıb.

Onun sözlərinə görə, hazırda bölgələrdə səhiyyə xidmətlərinin təşkili, xüsusilə həkimlərin regionlara cəlb edilməsi və yerləşdirilməsi məsələləri ətraflı şəkildə araşdırılır. İlk mərhələdə ilkin səhiyyə xidməti modelinin formalaşdırılması üzərində iş aparılır. Bu model təsdiqləndikdən sonra həkimlərin bölgələr üzrə yerləşdirilməsi və kadr axınının tənzimlənməsi istiqamətində mərhələli addımlar atılacaq.

Rahim Hüseynov bildirib ki, artıq bu sahədə təhlillər başlayıb və müəyyən tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, ilin sonuna qədər icbari tibbi sığorta sisteminin tətbiqində də bəzi yeniliklərin olacağı gözlənilir.

TƏBİB rəsmisi vurğulayıb ki, məqsəd yalnız həkim çatışmazlığı olan ərazilərə yeni mütəxəssislər göndərmək deyil. Əsas hədəf mövcud insan resurslarının ehtiyaclara uyğun və balanslı şəkildə bölüşdürülməsidir.

O qeyd edib ki, hazırda həm Bakıda, həm də regionlarda həkim təminatı, müxtəlif ixtisaslar üzrə çatışmazlıq və ya artıq kadrların mövcudluğu araşdırılır. Bəzi tibb müəssisələrində həkimlərin fəaliyyət göstərməsinə baxmayaraq, müraciətlərin az olması səbəbindən onların peşə potensialından tam istifadə edilmir.

“Bu səbəbdən məsələyə sadəcə həkim çatışmayan ərazilərə kadr göndərilməsi kimi baxmaq doğru yanaşma deyil. Qərarlar əhalinin tibbi xidmətə real ehtiyacları və xidmətlərin səmərəliliyi nəzərə alınaraq veriləcək”, – deyə Rahim Hüseynov əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada