Millət vəkili Tural Gəncəliyev İranla bağlı aparılan danışıqlarda əsas müzakirə mövzularından birinin Hörmüz boğazı olduğunu bildirib.
O, News365.az-a açıqlamasında deyib ki, İran yaxın aylarda Hörmüz boğazının tam açıq beynəlxalq dəniz marşrutu kimi fəaliyyət göstərməsinə əvvəlki kimi yanaşmaya bilər. Deputatın sözlərinə görə, Tehran müxtəlif kompensasiyalar tələb edir və bu tələblər qarşılanmasa, boğazdan keçidlərə görə ödəniş tətbiq olunması məsələsi yenidən gündəmə gələ bilər.

“Əgər İrana kompensasiyalar ödənilməsə, Tehran dəymiş zərərin qismən də olsa qarşılanması üçün Hörmüz boğazında pullu keçid mexanizmini yenidən gündəmə gətirə bilər”, – deyə o vurğulayıb.
Tural Gəncəliyev qeyd edib ki, tərəflər arasında keçirilən son görüşdə müəyyən razılaşmalar əldə olunsa da, bir sıra mühüm məsələlər hələ də açıq qalır. Onun fikrincə, hazırkı mərhələdə yalnız ilkin anlaşma memorandumu imzalanıb və əsas düyün nöqtələri tam həllini tapmayıb.
Deputat bildirib ki, əsas mübahisəli məqamlardan biri İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlıdır. ABŞ həmin uranın əvvəlcədən İran ərazisindən çıxarılmasını tələb etsə də, Tehran bu şərtlə razılaşmır.
O əlavə edib ki, gələcəkdə tərəflər arasında münasibətlər konstruktiv məcrada inkişaf edərsə, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələrinin nüvə obyektlərinə girişinə müəyyən şərtlərlə icazə verə bilər.