Yaxın Şərqdə cərəyan edən son hərbi-siyasi proseslər və Livandakı gərginlik fonunda regiondakı real vəziyyət fərqli geosiyasi aspektlərdən qiymətləndirilir. Livanda baş verən son hadisələr zamanı minlərlə dinc sakinin həyatını itirməsi və Tel-Əvivin qoşunları geri çəkmək bəyanatı bölgədəki tarazlığı yenidən gündəmə gətirib.
Məsələ ilə bağlı News365.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, yaranmış böhranda məsuliyyəti yalnız bir tərəfin üzərinə yıxmaq düzgün deyil:

"Livanda son hadisələrdə təxminən 3700 dinc sakinin də həyatını itirdiyi və İsrailin Livanın cənubundan geri çəkiləcəyini bəyan etdiyi bəllidir. Orada müəyyən mənada İsrailin narahatlıqları anlaşılandır. Mən bu məsələdə yalnız İsrailin birtərəfli qaydada təqsirkar olduğunu düşünmürəm. Bölgədə proksi qüvvələri bəsləyən, onlara dəstək verən, on illərdən bəri onları İsrailə qarşı yönəldən İranın da bu məsələdə kifayət qədər ciddi rolu var."
Politoloq həmçinin qeyd edib ki, bu faktor hazırda qlobal güclərin masasında əsas müzakirə mövzularından biridir:
"Bu məsələlər əslində, hal-hazırda tərəflər arasında əsas mübahisə mövzularından biridir və diqqət edilirsə, Amerika-İran arasındakı danışıqlarda da Livan, həmçinin 'Hizbullah' məsələsi kifayət qədər kritik bir mövqe daşıyırdı."