Aşura günü İslam dünyasında və bütövlükdə insanlıq ailəsində böyük bir matəm, hüzn və kədər günüdür.
Bu barədə News365.az-a özəl açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bildirib.
İlahiyyatçının sözlərinə görə, bu günün əsas mahiyyəti imamın və onunla birlikdə şəhid olan 72 fədakardan mənəvi dərslər almaqdır:
"Bu günə ehtiram və hörmət olaraq inanan insanlar, müsəlmanlar əslində özlərinin bir çox şəxsi qayğılarını bir tərəfə qoyur. Daha çox o hadisənin mahiyyətini, dərinliyini anlamağa və ondan ibrət dərsləri almağa çalışırlar. Odur ki, hesab edirik ki, inançlı və vicdanlı insan belə bir gündə — yəni imamın şəhadət şərbəti içdiyi və 72 nəfərin şəhid edildiyi bir gündə saçının kəsilməsinə, bəzənməsinə o qədər çox təşəbbüs göstərməz."
Ağa Hacıbəyli qeyd edib ki, Aşura günündə bu cür şəxsi istək və çıxarları təxirə salmaq mənəvi baxımdan böyük bir nəzakət nümunəsidir:
"Bu baxımdan, həmin gün şəxsi istəkləri, gündəlik bəzək qayğılarını bir kənara qoymaq tamamilə mümkündür və bu, baş vermiş böyük faciənin xatirəsinə, şəhidlərin ruhuna göstərilən ən böyük hörmət və ehtiram olar."