"Balanslar sıfırlandı, borc yarandı" – Tanınmış iqtisadçıdan ABB rəhbərliyinə sərt etiraz

"Balanslar sıfırlandı, borc yarandı" – Tanınmış iqtisadçıdan ABB rəhbərliyinə sərt etiraz
10:59

Azərbaycan Beynəlxalq Bankının (ABB) sistemində baş verən kütləvi texniki nasazlıq və vətəndaşların kart balanslarının mənfiyə düşməsi ciddi narazılıq yaradıb.

News365.az  xəbər verir ki, tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli sosial şəbəkə hesabında özünün də qarşılaşdığı bu rüsvayçı vəziyyətlə bağlı sərt tənqidlərlə çıxış edib.


Ekspert yanacaqdoldurma məntəqəsindən sonra marketdə 3.50 AZN-lik alış-veriş edərkən kartında vəsait olmadığını öyrənib. Hansı ki, balansında 70 AZN-ə yaxın vəsait olmalı idi. ABB-nin filialına müraciət etdikdən sonra isə problemin kütləvi xarakter daşıdığı məlum olub:

"Bankın terminalına yaxınlaşdım. Balans tamamilə sıfırlanmış, üstəlik -84.36 AZN borc yaranmışdı. Filiala getdikdə məlum oldu ki, texniki problem yaranıb və kütləvi olaraq insanların vəsaitləri silinib.

Bu nə deməkdir bilirsiniz? Ölkənin ən nəhəng bankı, o bank ki, dövlət büdcəsinin yarıdan çoxu oradadır. Bir anlıq baş verən bu texniki problemə görə ölkə iqtisadiyyatına nə qədər ziyan dəyib – təsəvvür etmək belə olmur!"

"Bəlkə kiməsə təcili tibbi yardım üçün pul lazımdır?"

Razi Abbasbəyli bank rəhbərliyinin İT təhlükəsizliyi sistemini normal qura bilməməsini və vətəndaşların çarəsiz vəziyyətdə qoyulmasını kəskin tənqid edib. O, bu növ strateji səhvlərin sadə bir nasazlıq kimi qəbul edilə bilməyəcəyini vurğulayıb:

"Bankdan silinən vəsaitlərin sabah geri qaytarılacağını dedilər. Bəlkə bir insana məhz o an təcili tibbi xidmətə görə vəsait lazımdır?! Bu minvalla yüzlərlə acınacaqlı misal çəkmək olar. Bu, sadə məsələ deyil. Kim cavabdehdirsə, mütləq cəzalanmalıdır".

Qeyd edək ki, ABB-nin mobil tətbiqi və kart sistemində yaranan problem səbəbindən minlərlə müştərinin balansında əsassız borcların göründüyü, bəzi vətəndaşların isə mağaza və xidmət obyektlərində çıxılmaz vəziyyətdə qaldığı bildirilir.


Sizin reklam burada
Sizin reklam burada