Hörmüz boğazı ilə bağlı qərar digər strateji boğazlar üçün də presedent yarada bilər

Hörmüz boğazı ilə bağlı qərar digər strateji boğazlar üçün də presedent yarada bilər
15:16

Hörmüz boğazının hüquqi statusu və İranın bu strateji su hövzəsi üzərində mümkün suverenlik iddiaları beynəlxalq münasibətlərdə mühüm müzakirə mövzularından biri olaraq qalır. Politoloq Polad Mehdiyev hesab edir ki, bu məsələ təkcə İranla bağlı deyil, həm də ABŞ, Avropa və bütövlükdə qlobal ticarət sisteminin gələcəyi baxımından strateji əhəmiyyət daşıyır.

News365.az-a açıqlama verən politoloq Polad Mehdiyev bildirib ki, söhbət yalnız İran ətrafında yaranmış gərginlikdən getmir.


“Bu məsələ təkcə İranla bağlı deyil. Artıq bu, ABŞ, Avropa, Çin və bütövlükdə beynəlxalq siyasətin əsas mövzularından birinə çevrilib. Burada söhbət yalnız bir ölkəyə qarşı tətbiq olunan sanksiyalardan yox, qlobal dəniz nəqliyyatı və beynəlxalq hüququn gələcəyindən gedir.”

Politoloqun sözlərinə görə, İranın Hörmüz boğazı üzərində tam suverenlik əldə etməsi qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər.

“Əgər İran Hörmüz boğazı üzərində tam suverenlik əldə etsə, bu, Avropa, türk dövlətləri, Avrasiya məkanı və bütövlükdə dünya ticarəti üçün ciddi nəticələr doğura bilər. Belə bir imkan Tehranın beynəlxalq danışıqlarda mövqeyini daha da gücləndirər, o cümlədən sanksiyalar, dondurulmuş aktivlər və digər iqtisadi məsələlər üzrə əlini güclü edər. Məhz buna görə də ABŞ və Avropa bu məsələdə geri addım atmaq istəmirlər.”

Polad Mehdiyev qeyd edib ki, belə bir ssenari beynəlxalq hüquqda təhlükəli presedent yarada bilər.

“Əgər bu məsələ 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyasının prinsipləri nəzərə alınmadan həll olunarsa, bu, beynəlxalq hüquqda yeni presedent yaradacaq. Belə olan halda Dardanel, Bosfor, Cəbəllütariq və Bab əl-Məndəb kimi digər strateji boğazların da hüquqi rejiminə yenidən baxılması tələbləri ortaya çıxa bilər. Bu isə qlobal dəniz nəqliyyatı və beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi risklər yaradar”, – deyə politoloq vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada