Neft-qaz
ixracında DGK tərəfindən açıqlanan rəqəmlərin arxasında hökumət üçün ciddi
siqnallar var.
Belə ki,
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 19,34 mlrd. dollar
təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 15,23 mlrd. dollar idi. Yəni
ümumi ixrac 27 % artıb.
İlk baxışda
kifayət qədər yaxşı dinamikadır. Amma ixracın strkturuna və xüsusilə neft-qaz
sektorunun göstəricilərinə ayrıca baxdıqda mənzərə daha mürəkkəbdir.
2025-ci ilin
ilk 7 ayında neft-qaz sektorunun ixracı 13,14 mlrd. dollar olmuşdusa, bu ilin
eyni dövründə 13,40 mlrd. dollara yüksəlib. Artım cəmi 2 %-dir.
Daha vacib dəyişiklik
isə neft-qaz sektorunun ümumi ixracdakı payındadır. Ötən ilin yanvar-iyulunda
bu sektor ixracımızın 86,3 %-ni, bu il isə 69,3 %-ni təşkil edib. Bir il ərzində
təxminən 17 % bəndi azalma var.
Amma burada
diqqət edilməli əsas məsələ neft və qazın öz daxilindəki dinamikadır.
Xam neft
ixracının fiziki həcmi 14,47 mln. tondan 12,72 mln. tona düşüb. Bu,12,1 %
azalma deməkdir. Buna baxmayaraq, xam neftdən əldə olunan ixrac gəliri 7,66
mlrd. dollardan 8,03 mlrd. dollara yüksələrək 4,9 % artıb.
Başqa sözlə,
neft ixracından gəlirin artması hasilat və ixrac həcminin artması hesabına baş
verməyib. Əksinə, fiziki ixrac əhəmiyyətli dərəcədə azalıb, gəliri isə daha əlverişli
qiymət səviyyəsi kompensasiya edib. Statistik göstəricilər əsasında
hesablandıqda ixrac olunan neftin orta vahid dəyəri ötən ilin eyni dövrü ilə
müqayisədə təxminən 19 % yüksək olub.
Bu isə vacib
siqnaldır. Çünki qiymət amili aradan qalxarsa, fiziki həcmdəki azalma birbaşa
ixrac gəlirlərinə keçəcək.
Təbii qazda
isə vəziyyət fərqlidir və daha çox diqqət tələb edir. İxracın fiziki həcmi demək
olar dəyişməyib, sadəcə 14,41 mlrd. kubmetrdən 14,43 mlrd. kubmetrə yüksəlib.
Artım cəmi 0,1 %-dir. Amma qaz ixracından gəlir 5,27 mlrd dollardan 4,88 mlrd
dollara düşüb, yəni 7,3 % azalma olub.
Deməli,
qazda fiziki ixracı artırmadan gəlirlərin azalması ilə üzləşmişik. Burada da əsas
təsir qiymət amilindən gəlir.
Neft məhsullarında
isə əks dinamika müşahidə olunur. İxracın fiziki həcmi 62 %, ixrac dəyəri isə144
% artıb. Bu, xam neftin birbaşa satışından fərqli olaraq emal olunmuş məhsulların
ixracının genişlənməsi baxımından müsbət tendensiyadır.
Bütün
bunlardan hökumət üçün çıxan əsas nəticə isə məncə başqadır. Belə ki, Azərbaycanın
neft-qaz ixrac gəlirləri getdikcə daha çox fiziki istehsal və ixrac
imkanlarından deyil, dünya bazarındakı qiymət konyunkturasından asılı vəziyyətə
düşür. Xam neft ixracının həcminin bir ildə 12 % azalması artıq adi statistik
hal deyil. Bu tendensiya davamlı xarakter alarsa (artıq alır), əlverişsiz qiymət
dövründə həm xarici ticarət balansına, həm valyuta daxilolmalarına, həm də büdcə
gəlirlərinə eyni vaxtda təzyiq yarada bilər.
Ona görə də
2026-cı ilin ilk 7 ayının göstəricilərində ən mühüm rəqəm neft-qaz ixracının 2
% artması yox, əsas siqnal neftin fiziki ixracının12 % azalması və qaz
ixracından gəlirin 7 %-dən çox aşağı düşməsidir.
Müsbət tərəf
isə odur ki, ümumi ixrac neft-qaz sektorundakı bu zəif dinamikanı kompensasiya
edə bilib. Qeyri-neft sektoruna daxil olan malların ixracı 2,09 mlrd. dollardan
5,93 mlrd. dollara yüksəlib və ümumi ixracdakı payı 13,7 %-dən 30,7 %-ə çatıb.
Ancaq bu
göstəricinin strukturunu ayrıca təhlil etmək lazımdır. Çünki ixracın neftdən
statistik olaraq uzaqlaşması ilə iqtisadiyyatın real mənada diversifikasiyası həmişə
eyni şey deyil.
Eldəniz Əmirov,
iqtisadçı
News365.az