Hindistan "Sindur" əməliyyatına başlayıb: Pakistanda 9 ərazi vuruldu (FOTOLAR)

Hindistan "Sindur" əməliyyatına başlayıb: Pakistanda 9 ərazi vuruldu (FOTOLAR)
07 May 2025 09:00

Hindistan-Pakistan sərhədində vəziyyət gərgin olaraq qalır. BMT-nin baş katibi Antonio Quterreş Hindistan ilə Pakistan arasında artan hərbi qarşıdurmadan dərin narahatlığını bildirib. Bu barədə “Arab News” baş katibin nümayəndəsinə istinadən məlumat yayıb.

Quterreş hər iki tərəfi maksimum təmkinli olmağa çağırıb. O vurğulayıb ki, dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmanın yaranmasına imkan verə bilməz.

Mayın 6-sı axşam saatlarında Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan edib. Hindistan hərbi idarələrinin məlumatına görə, Pakistanın hərbi obyektlərinə hücum edilməyib, hədəf “terror infrastrukturu” olub. Pakistan ordusu Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, zərbələr yalnız mülki hədəflərə endirilib.

Pakistan ordusunun sözçüsü isə bəyan edib ki, artıq İslamabadın cavab əməliyyatı başlayıb. Pakistan Müdafiə Nazirliyinin məlumatına görə, hava döyüşləri zamanı Hindistanın 5 hərbi təyyarəsi vurulub. Bunlar üç "Rafael", bir Su-30 və bir MiQ-29 qırıcılarıdır.

Xatırladaq ki, 22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.

Aprelin 30-da isə Pakistanın İnformasiya və Yayım Naziri Attaullah Tarar bəyan etdi ki, İslamabadda Pahalqam hadisəsindən yalan dolu bəhanələr kimi istifadə edilərək Yeni Dehlinin hərbi zərbələr endirməyi planlaşdırdığına dair etibarlı məlumat var. Tarar vurğulayıb ki, Pakistan istənilən təcavüz aktına qəti cavab verəcək.



Tural


Sizin reklam burada
Sizin reklam burada