Paytaxtın Səbail
rayonu, Əbdülkərim Əlizadə küçəsi, ev 7 ünvanında yerləşən “Paramount Baku” gecə
əyləncə klubunun fəaliyyəti dayandırılıb. Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilən yoxlama zamanı
yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin
nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak
maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- elektrik təsərrüfatı “Elektrik Qurğularının
Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel
və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;
- obyektdə əmrlə
yanğına qarşı rejim müəyyənləşdirilməyib;
- obyekt normaya uyğun sayda
köçürmə çıxışları ilə təmin olunmayıb;
-
təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış
işıqlı göstəricilər quraşdırılmayıb;
-
obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq sığorta olunmayıb;
-
obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud
vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində
orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni
qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, ev 7 ünvanında yerləşən “Paramount Baku” gecə əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.