ABŞ hərbi qüvvələrinin İran sərhədlərindən 1000 kilometrdən çox uzaqlaşdığı iddia edilir.
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Ali Baş Komandanının müşaviri, kontr-admiral Əli Fədavi bildirib ki, bu geriçəkilmə ABŞ-ın seçimi deyil, İranın hərbi gücünün nəticəsidir.
“Amerikalılar sərhədlərimizdən 1000 kilometrdən çox uzaqlaşıblar. Bu, onların seçimi deyildi”, – deyə Fədavi “Press TV”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda ABŞ-a məxsus heç bir gəmi Fars körfəzi, Hörmüz boğazı, Oman körfəzi və hətta Hind okeanının şimal hissəsində yoxdur.
Fədavi həmçinin bildirib ki, İran Hörmüz boğazında nəzarəti aylardır saxlayır və ABŞ müharibə zamanı qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib.
İranlı general ABŞ-ın mümkün quru əməliyyatına da toxunaraq bildirib ki, Vaşinqtonun hər hansı hərbi müdaxiləsi Amerikanın bölgədəki bazaları və gəmilərinə qarşı cavabla nəticələnəcək.
Fədavi İranın regional ölkələri deyil, onların ərazisində yerləşən ABŞ bazalarını hədəf aldığını deyib.
O, həmçinin Hörmüz boğazının idarə olunması ilə bağlı İran və Oman arasında razılaşdırılmış qaydaların qüvvədə olduğunu bildirib.
News365.az