Fransa terrorçuları azad media təmsilçiləri kimi qoruyur, istifadə müddətləri bitəndə məhv edir, məsuliyyəti isə ölkəmizin üstünə atır
"Son illər müxtəlif beynəlxalq indekslərdə ölkəmiz əleyhinə sərt mövqelərin səbəbləri hamıya bəllidir. Media çətiri altında nüfuz agentləri və hibrid informasiya terroru həyata keçirən qüvvələrin mövqeləri xeyli zəiflədi. İndi yeni mərhələdə mediada vahid dövlət siyasətinin bir mərkəzdən idarə olunması qərara alınır".
News365.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə "Media haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, qanunvericiliyə edilən əsas dəyişiklik mövcud Audiovizual Şura ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) bazasında kollegial idarəetmə sisteminə malik vahid qurum - Media və Yayım Şurası - yaradılır. "Qərar fərqli institusional vəzifələrin və dövlət idarəçiliyində yeni mərhələyə keçidin zərurəti kimi qiymətləndirilə bilər. Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sistemi formalaşdırıldığı kimi, eyni prinsiplərlə milli informasiya məkanında da suverenlik, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan yeni institusional təsisat yaradılır",-o qeyd edib.
O əlavə edib ki, dünyada informasiya məkanının strukturu əsaslı şəkildə dəyişib: 'İndi bir dövlətin informasiya məkanı yalnız televiziya, radio, qəzet və xəbər saytlarının məcmusu ilə məhdudlaşmır. Yeni informasiya arxitekturasına sosial şəbəkələr, video platformalar, mesajlaşma tətbiqləri, axtarış sistemləri, bloqerlər, fərdi kontent yaradıcıları və süni intellekt sistemləri daxildir. Vətəndaş jurnalistikası ənənəvi mətbuatdan daha böyük təsir gücü qazanıb. Dövlət efir tezliklərini və rəsmi media subyektlərini tənzimləyə bilir. Lakin ictimai gündəmi formalaşdıran alqoritmləri, xaricdə yerləşən rəqəmsal platformaları və süni intellektin milyonlarla istifadəçiyə təqdim etdiyi məlumatları əhatə etmədən informasiya siyasəti bütöv sayıla bilməz.
Azərbaycanda vahid Media və Yayım Şurasının yaradılması yeni nəsil tənzimləmə modelinə keçid kimi dəyərləndirilə bilər.
Müasir dövrdə informasiya hücumları yalnız bir xarici televiziya kanalının, qəzetin və ya saytın fəaliyyəti ilə qurulmur - onun arxasında dövlət və ya siyasi sifarişçi, analitik mərkəzlər, lobbi və maraq qrupları, vasitəçi media şəbəkələri, anonim saytlar, diaspor səhifələri, influenserlər, Telegram kanalları, saxta profillər və bot şəbəkələri dayanır; eyni tezis bir ölkədə insan hüquqları, digərində dini və etnik həssaslıq, başqa auditoriyada ekologiya, enerji siyasəti və ya geosiyasi rəqabət dili ilə qablaşdırılır - bəzən isə əsas məqsəd informasiya məkanını elə ziddiyyətli vəziyyətə gətirməkdir ki, vətəndaş heç bir mənbəyə inanmasın. Son günlər tezisləri Yeliseydə yazıldığı şübhə doğurmayan saxta məhkəmə hökmləri həmin siyasətin tərkib hissəsidir - Fransa dövləti himayə etdiyi terrorçuları azad media təmsilçiləri kimi qoruyur, istifadə müddətləri bitəndə məhv edir, məsuliyyəti isə ölkəmizin üstünə atır.
Dövlətimizin yeni media siyasəti kibertəhlükəsizliyi, strateji kommunikasiyanı, rəqəmsal platformalarla münasibətləri və media savadlılığını birləşdirən milli informasiya bütövlüyünü təmin etmək üçün mühüm addımlar atır. O cümlədən, saxta hesabları, süni şəkildə böyüdülən mövzuları və "deepfake" materiallarını real vaxtda aşkarlayan erkən xəbərdarlıq sistemi mövcuddur. Media savadlılığı milli təhlükəsizliyin tərkib hissəsidir və yeni Media və Yayım Şurası nəzarətlə yanaşı, milli informasiya məkanının inkişafını və beynəlxalq rəqabət qabiliyyətini vahid siyasətdə birləşdirəcəkdir".