ABŞ-ın məqsədi yeni dünya nizamında şəriksiz lider olmaqdır

ABŞ-ın məqsədi yeni dünya nizamında şəriksiz lider olmaqdır
12:16

Son illər dünyada silahlanmaya ayrılan vəsaitin kəskin artması qlobal güclər arasında rəqabətin daha da dərinləşdiyini göstərir.

Politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında bildirib ki, hazırda baş verən beynəlxalq münaqişələrin arxasında yeni dünya nizamı uğrunda geosiyasi mübarizə dayanır.


Politoloqun sözlərinə görə, hazırda dünyada baş verən heç bir münaqişə təsadüfi xarakter daşımır.

“Baş verən münaqişələrin heç biri səbəbsiz deyil. Artıq on ildən çoxdur ki, dünya sürətlə silahlanır. Silahlanmaya ayrılan vəsait hər il artır və artıq bu rəqəm təxminən 3 trilyon dollara yaxınlaşıb. Bu xərclərin təxminən 51 faizi ABŞ, Çin və Rusiyanın payına düşür. Bu statistika onu göstərir ki, dünyanın əsas gücləri arasında rəqabət getdikcə daha da sərtləşir.”

Oqtay Qasımov bildirib ki, ABŞ və Rusiya arasında hərbi, siyasi, diplomatik və iqtisadi müstəvidə açıq qarşıdurma mövcuddur, Çin isə daha çox diplomatik və iqtisadi vasitələrlə mübarizə aparır.

“Hazırda ABŞ və Rusiya hərbi, diplomatik, siyasi və iqtisadi müstəvidə açıq qarşıdurma içərisindədir. Çin isə bu rəqabədə əsasən diplomatik, siyasi və iqtisadi alətlərdən istifadə edir, hərbi qarşıdurmaya birbaşa qoşulmur.”

Politoloqun fikrincə, dünyanın müxtəlif bölgələrində yaşanan münaqişələrin əsas səbəbi ABŞ-ın yeni dünya düzənində lider mövqeyini qorumaq cəhdidir.

“Amerika Birləşmiş Ştatları yeni dünya düzənində şəriksiz lider olmaq istəyir. Bununla bağlı müxtəlif addımlar atılır. ABŞ rəhbərliyindən Qrenlandiya ilə bağlı səslənən iddialar, Hörmüz boğazına nəzarət məsələsi və digər geosiyasi təşəbbüslər də bu strategiyanın tərkib hissəsidir. Bunlar görünən tərəflərdir. Görünməyən tərəfdə isə qlobal güclərin enerji resursları və strateji bölgələr üzərində nəzarət uğrunda mübarizəsi dayanır.”

Qasımov qeyd edib ki, enerji ehtiyatlarına sahib ölkələr üzərində nəzarət uğrunda rəqabət də qlobal siyasətdə mühüm rol oynayır.

“ABŞ-ın əvvəlcə Venesuelaya yönəlməsi, daha sonra İran ətrafında baş verən proseslər təsadüfi deyil. Çünki Venesuela və İran dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələr sırasındadır. Bu səbəbdən enerji resursları uğrunda rəqabət qlobal qarşıdurmanın əsas istiqamətlərindən biri olaraq qalır.”


Sizin reklam burada
Sizin reklam burada