Qocalıq yalnız təqvimdəki illərin dəyişməsi və ya saçların ağarması deyil. İnsan orqanizmi qocalma prosesinə daxil olduqda bunu ilk növbədə gündəlik vərdişlərimiz, hərəkətlərimiz və hissiyyatımız vasitəsilə bəlli etməyə başlayır. Çox vaxt yorğunluq kimi qiymətləndirdiyimiz bəzi siqnallar, əslində bədənimizin bioloji olaraq yaşlandığının göstəricisidir.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Olqa Tkaçeva insan bədəninin qocaldığını göstərən ən vacib əlamətləri açıqlayıb.
Alimin sözlərinə görə, yaşlanmanın ən birinci göstəricisi daxili organların və immun sisteminin fəaliyyətində görünən zəifləmələrdir. Lakin bununla yanaşı, insanın yerişində və qavrayışında da kəskin dəyişikliklər meydana gəlir.
Professor Olqa Tkaçeva bədənin göndərdiyi bu kritik siqnalları belə ümumiləşdirib:
“Qocalmanın ən bariz əlamətləri müxtəlif orqan və sistemlərin fəaliyyətinin zəifləməsi, yerişin ləngiməsi, koqnitiv və sensor pozuntular, həmçinin eşitmə və görmə qabiliyyətinin pisləşməsidir”.
Mütəxəssislər bildirirlər ki, xüsusilə yerimə sürətinin yavaşlaması və hafizə, diqqət kimi koqnitiv funksiyaların zəifləməsi bədəndə bioloji qocalmanın sürətləndiyinə işarə edən başlıca faktordur.