Son dövlər ictimai iaşə obyektlərində, xüsusən də restoran və kafelərdə hesaba əlavə olunan "servis haqqı" müştərilərlə məkan sahibləri arasında tez-tez narazılığa və mübahisələrə səbəb olur. Bəs qanunvericilik bu barədə nə deyir? Vətəndaşlar menyuda yazılmayan servis haqqını ödəməyə məcburdurmu?
Məsələ ilə bağlı News365.az-a özəl açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, ölkəmizdə bu sahəni birbaşa tənzimləyən xüsusi qanun olmasa da, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun və ticarət-ictimai iaşə qaydaları vəziyyəti aydın şəkildə müəyyən edir.
Ekspertin sözlərinə görə, buradakı ana prinsip istehlakçının əvvəlcədən və şəffaf şəkildə məlumatlandırılmasıdır:
"Əgər servis haqqı barədə məlumat menyuda, yaxud məkanın girişində aydın görünən şəkildə qeyd olunubsa və müştəri bunu bilərəkdən sifariş veribsə, bu, onun şərtlərlə razılaşması deməkdir. Lakin çox vaxt həmin faiz yalnız son hesab təqdim ediləndə bəlli olur. Bu isə istehlakçı hüquqlarının açıq-aşkar pozulmasıdır."
A. Nəsirli vurğulayıb ki, obyekt rəhbərliyi müştərinin razılığı olmadan hesaba birtərəfli qaydada əlavə ödəniş daxil edə bilməz. Əgər əvvəlcədən xəbərdarlıq edilməyibsə, vətəndaş həmin məbləği ödəməkdən imtina etmək hüququna sahibdir və buna görə heç bir hüquqi məsuliyyət daşımır.
Hətta xəbərdarlıq edildiyi hallarda belə məsələnin mülki-hüquqi müstəviyə aid olduğunu bildirən iqtisadçı, bunun heç bir inzibati və ya cinayət məsuliyyəti yaratmadığını diqqətə çatdırıb.
Ekspert narazılıqların yaşanmaması üçün istehlakçılara vacib tövsiyələr verib:
Sifarişdən əvvəl menyunu diqqətlə yoxlayın və servis haqqının olub-olmadığını dəqiqləşdirin.
Sürpriz ödənişlə qarşılaşsanız, həmin məbləğin hesabdan çıxarılmasını tələb edin.
Məkan güzəştə getmədiyi halda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciət edin.