ABŞ raketləri müharibənin miqyasını genişləndirir: Rusiya Avropanı vura bilər?

ABŞ raketləri müharibənin miqyasını genişləndirir: Rusiya Avropanı vura bilər?
11:59

ABŞ-ın Ukraynaya uzaqmənzilli raketlər verməsi Rusiyanın təkcə Ukraynaya deyil, Avropaya qarşı da təhdidlərini gücləndirə bilər.

Politoloq Turab Rzayev News365.az-a açıqlamasında bildirib ki, Moskva bu yolla Qərbə psixoloji təzyiq göstərməyə çalışır.


Politoloqun sözlərinə görə, ABŞ-ın Ukraynaya təqdim etdiyi raketlərin Rusiyaya qarşı istifadəsi Vaşinqton üçün əlavə risklər yarada bilər.

“Digər raketlərin verilməsində ABŞ-ın birbaşa maraqlarının nəzərə alındığı aydındır. Çünki Ukrayna həmin silahları ABŞ-a qarşı istifadə etməyəcək. Ancaq bunun qarşılığında Rusiya Ukraynaya və Avropaya qarşı aqressiyasını daha da artıra bilər. Artıq bunu Rusiyanın media resurslarında, dövlətə yaxın analitik mərkəzlərin açıqlamalarında, eləcə də ABŞ-a skeptik yanaşan bəzi Avropa ekspertlərinin çıxışlarında görürük. Moskvaya qarşı raket zərbələri endirilərsə, Rusiyanın Brüssel, Berlin və ya Parisi hədəfə ala biləcəyi ilə bağlı suallar gündəmə gətirilir. Bu, əslində, Avropaya yönəlmiş dolayısı şantajdır. Rusiya mesaj verir ki, əgər bu raketlər ona qarşı istifadə olunarsa, o da Avropaya qarşı daha təkmil silahlardan istifadə edə bilər.”

Turab Rzayev hesab edir ki, ABŞ-ın Ukraynaya silah dəstəyi Rusiyanı digər münaqişə bölgələrində də cavab addımları atmağa sövq edə bilər.

“Burada digər ehtimal ondan ibarətdir ki, Rusiya Yaxın Şərq və başqa münaqişə ocaqlarında ABŞ-a və onun müttəfiqlərinə qarşı döyüşən qüvvələri daha müasir silahlarla təmin edə bilər. Məsələn, Livanda İsrail ordusuna qarşı yüksək texnologiyalı silahlardan istifadə olunduğunu gördük. Aydındır ki, bu cür silahların istehsalı və tətbiqi ciddi texnologiya və xüsusi hazırlıq tələb edir. Belə imkanların isə rusiyalı mütəxəssislərin dəstəyi olmadan mümkün olması çətindir. Bu yolla Rusiya həm Hizbullaha dəstək verir, həm də ABŞ və İsrailə mesaj göndərir.”

Politoloq əlavə edib ki, İranın da Rusiya və Çin tərəfindən müxtəlif istiqamətlərdə dəstəkləndiyi müşahidə olunur.

“Rusiya və Çin İranı ABŞ-a qarşı istifadə edilən silahlar və digər vasitələrlə dəstəkləyirlər. Son dövrlərdə Xəzər dənizində Rusiyadan İrana silah daşıdığı bildirilən gəminin hədəfə alınması ilə bağlı yayılan məlumatlar da bu istiqamətdə diqqət çəkən nümunələrdən biridir.”


Sizin reklam burada
Sizin reklam burada