Fələstin rəhbərliyinin xarici siyasətdə atdığı bəzi addımlar Türkiyə və Azərbaycanla münasibətlər kontekstində müzakirələrə səbəb olur. Bir tərəfdən Ankara Fələstin məsələsini beynəlxalq platformalarda gündəmdə saxlayır, digər tərəfdən isə Fələstin rəhbərliyinin bəzi diplomatik qərarları Türkiyənin regional maraqları baxımından suallar doğurur. Azərbaycanın Fələstin xalqına göstərdiyi siyasi və humanitar dəstək fonunda da bu münasibətlərin qarşılıqlı həssaslıq prinsipi əsasında qurulması məsələsi diqqət çəkir.
Məsələyə münasibət bildirən politoloq Turan Rzayev News365.az-a açıqlamasında Fələstin Prezidenti Mahmud Abbasın son illərdə atdığı iki fərqli addıma diqqət çəkib.

Politoloq xatırladıb ki, 2024-cü ilin martında Mahmud Abbas Məhəmməd Mustafa hökumətinin formalaşdırılması zamanı erməni əsilli Varsen Ağabekyan Şahini xarici işlər üzrə dövlət naziri vəzifəsinə təyin edib. 2025-ci ilin iyununda isə o, Fələstinin xarici işlər və mühacirlər naziri olub.
Turan Rzayev ikinci məqam kimi Mahmud Abbasın 29-30 oktyabr 2026-cı il tarixlərində Kipr Respublikasına işgüzar səfərini göstərib. Səfər çərçivəsində Fələstin Prezidenti Kipr Prezidenti Nikos Xristodulidis ilə görüşüb. Tərəflər ikitərəfli münasibətləri, regional vəziyyəti, Qəzzaya humanitar yardım məsələlərini və digər aktual mövzuları müzakirə ediblər.
Politoloq xüsusilə səfərin Türkiyənin Cümhuriyyət Gününə təsadüf etməsinə diqqət çəkib. Onun fikrincə, bu iki hadisə Fələstin rəhbərliyinin xarici siyasətindəki prioritetlər və regional tərəfdaşlarına münasibəti baxımından müzakirə olunmalıdır.
Turan Rzayev hesab edir ki, Fələstin rəhbərliyinin bu addımları Azərbaycan və Türkiyənin həssas yanaşdığı məsələlərlə bağlı müəyyən suallar yaradır. O bildirib ki, Azərbaycan Fələstin xalqının üzləşdiyi problemlərə hər zaman anlayışla yanaşıb, Türkiyə isə Fələstin məsələsinin beynəlxalq səviyyədə müdafiəsi istiqamətində fəal mövqe nümayiş etdirib.
Politoloqun qənaətinə görə, əsas məsələ Mahmud Abbasın erməni əsilli şəxsi yüksək vəzifəyə təyin etməsi və ya Kiprə səfər etməsi deyil. Burada diqqət çəkən məqam Fələstin rəhbərliyinin ona siyasi və humanitar dəstək göstərən ölkələrin regional maraqlarına nə dərəcədə həssas yanaşmasıdır.
Rzayev hesab edir ki, Türkiyənin Fələstin məsələsində göstərdiyi siyasi səylər fonunda Ankaranın narahatlıqlarının nəzərə alınması vacibdir. Onun fikrincə, Fələstin rəhbərliyinin xarici siyasət addımları müttəfiqləri ilə münasibətlərə də təsirsiz ötüşmür.
Politoloq eyni zamanda sual edib: AKP iqtidarının Fələstin rəhbərliyinin bu addımları fonunda Azərbaycanla münasibətlərdə əlavə gərginlik yaratması nə dərəcədə məqsədəuyğundur? Onun fikrincə, Fələstinə dəstək məsələsi Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirəcək müzakirələrə səbəb olmamalıdır.