Hepatitlə bağlı bilmədiklərimiz: Hansı fikirlər yanlışdır?

Hepatitlə bağlı bilmədiklərimiz: Hansı fikirlər yanlışdır?
12:40

Hepatitlə bağlı cəmiyyətdə hələ də bir sıra yanlış təsəvvürlər mövcuddur. Bəziləri bu xəstəliyə yoluxmağın yalnız müəyyən risk qruplarına aid olduğunu düşünür, digərləri isə hepatit diaqnozunu ömürlük sağlamlıq problemi kimi qəbul edir. Halbuki müasir tibb bir çox hallarda bu yanaşmaların doğru olmadığını göstərir. Xüsusilə Hepatit C-nin müalicəsində əldə olunan nəticələr xəstəliklə bağlı təsəvvürləri əhəmiyyətli dərəcədə dəyişib.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov virus hepatitləri ilə bağlı cəmiyyətdə yayılan yanlış fikirlərə aydınlıq gətirib.

Mütəxəssis bildirib ki, ən geniş yayılmış yanlış təsəvvürlərdən biri Hepatit C-nin sağalmayan və insanı ömür boyu müşayiət edən xəstəlik hesab edilməsidir. Halbuki müasir antiviral preparatlar vasitəsilə bu virusdan qurtulmaq mümkündür. Onun sözlərinə görə, müalicə adətən 2-3 ay davam edir və xəstələrin təxminən 99 faizində tam sağalma əldə olunur.

Təyyar Eyvazovun diqqət çəkdiyi digər məqam Hepatit B-nin yalnız narkotik vasitələrdən istifadə edən şəxslər arasında yayıldığı barədə fikirdir. Mütəxəssis qeyd edib ki, iynə vasitəsilə yoluxma riskinin yüksək olmasına baxmayaraq, bu, yeganə yoluxma mexanizmi deyil.

Sterillik qaydalarına əməl edilməyən tibbi və kosmetik prosedurlar, stomatoloji müdaxilələr, eləcə də bəzi ailədaxili təmaslar Hepatit B-yə yoluxma riski yarada bilər. Bu səbəbdən xəstəliyi yalnız müəyyən sosial qruplarla əlaqələndirmək düzgün deyil.

Mütəxəssis Hepatit A və Hepatit B-nin eyni xəstəliyin fərqli formaları olması barədə düşüncənin də yanlış olduğunu vurğulayıb. Onun izahına görə, bu iki virusun yoluxma mexanizmləri və xəstəliyin gedişi bir-birindən fərqlənir.

Belə ki, Hepatit A əsasən çirklənmiş qida və su vasitəsilə yayılır, kəskin formada keçir və xroniki hala çevrilmir. Hepatit B isə əsasən qan və digər bioloji mayelər vasitəsilə ötürülə bilər və bəzi hallarda xroniki infeksiyaya səbəb olur.

Eyvazov Hepatit C ilə bağlı başqa bir yanlış yanaşmanın da bitki çayları və xüsusi pəhrizlərlə virusu orqanizmdən tamamilə təmizləməyin mümkünlüyü olduğunu bildirib. Onun sözlərinə görə, bitki mənşəli vasitələr bəzi hallarda qaraciyər funksiyalarını dəstəkləyə bilər, lakin virusu məhv etmək gücündə deyil. Hepatit C-nin müalicəsi üçün təsdiqlənmiş antiviral preparatlardan istifadə olunmalıdır.

Mütəxəssis əhaliyə müraciət edərək virus hepatitləri ilə bağlı qorxudan daha çox, vaxtında müayinənin əhəmiyyətinə diqqət yetirməyin vacib olduğunu vurğulayıb. O bildirib ki, bu xəstəliklərdə əsas təhlükə diaqnozun gecikdirilməsi və müalicəyə vaxtında başlanılmamasıdır.

Təyyar Eyvazov vətəndaşlara mütəmadi tibbi müayinələrdən keçməyi, Hepatit A və B-yə qarşı peyvənd imkanlarından yararlanmağı tövsiyə edib.


Sizin reklam burada
Sizin reklam burada