Son illər Bakının müxtəlif küçə və prospektlərində velosiped zolaqlarının yaradılması şəhər nəqliyyatının təşkilində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Lakin bu infrastrukturun genişlənməsi ilə yanaşı, ondan istifadə qaydalarına dair suallar da aktuallaşıb. Xüsusilə velosiped zolaqlarında motosiklet və mopedlərin hərəkət etməsi, piyadaların həmin ərazilərdən keçməsi yollarda təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir.
Bəzi hallarda müxtəlif nəqliyyat vasitələrinin eyni hərəkət zolağından istifadə etməsi həm sürücülər, həm də digər hərəkət iştirakçıları üçün risk yaradır. Halbuki şəhər infrastrukturunda hər bir zolağın konkret təyinatı və istifadə qaydası var.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin News365.az-a sözlərinə görə, velosiped zolaqları velosiped və skuterlərin hərəkəti üçün ayrılıb. Motosiklet və mopedlərin bu zolaqlardan istifadəsi isə yolverilməzdir.
Ekspert hesab edir ki, hərəkət iştirakçılarının ayrı-ayrı zolaqlarla təmin olunmasının əsas səbəbi onların sürət fərqidir. Belə ki, piyadalar, velosipedçilər, skuter istifadəçiləri və avtomobil sürücüləri fərqli sürətlə hərəkət etdiklərindən, eyni ərazidə qarşılaşmaları qəza riskini artırır.
Mustafayev bildirib ki, piyadaların orta hərəkət sürəti saatda 3-5 kilometr, velosiped və skuterlərin sürəti isə təxminən 15-25 kilometr təşkil edir. Avtomobillər isə yolun şəraitindən asılı olaraq saatda 30, 50, 60, 100 kilometr və daha yüksək sürətlə hərəkət edə bilir.
Onun fikrincə, məhz bu fərqlər nəzərə alınaraq hərəkət axınları bir-birindən ayrılır. Məqsəd həm toqquşmaların qarşısını almaq, həm də hər bir hərəkət iştirakçısının təhlükəsizliyini təmin etməkdir.
Ekspert vurğulayıb ki, velosiped zolağında piyadaların gəzməsi, eləcə də motosiklet və mopedlərin hərəkət etməsi qaydaların pozulması hesab olunur. Eyni zamanda velosiped və skuterlərin də piyadalar üçün nəzərdə tutulmuş səkilərdən istifadə etməsi təhlükəli vəziyyət yarada bilər.
Mustafayev bu cür pozuntuların təkcə inzibati məsuliyyətlə nəticələnmədiyini, daha ağır fəsadlara da yol aça bildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, hərəkət qaydalarına əməl edilməməsi nəticəsində baş verən toqquşmalar insanların xəsarət almasına, bəzi hallarda isə ölümünə səbəb olur.
Ekspert hesab edir ki, velosiped zolaqlarının səmərəli fəaliyyət göstərməsi üçün yalnız infrastrukturun qurulması kifayət deyil. Həm sürücülərin, həm velosiped və skuter istifadəçilərinin, həm də piyadaların həmin zolaqların təyinatını bilməsi və qaydalara əməl etməsi vacibdir.