Hərbi təlim zamanı dron sıradan çıxsa, zərəri kim ödəyəcək? - Hərbi ekspertdən AÇIQLAMA

Hərbi təlim zamanı dron sıradan çıxsa, zərəri kim ödəyəcək? - Hərbi ekspertdən AÇIQLAMA
10:51

Hərbi təlimlər ordunun döyüş hazırlığının artırılması, hərbi texnikanın imkanlarının yoxlanılması və şəxsi heyətin praktiki bacarıqlarının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bu proses zamanı texniki nasazlıqların yaranması, idarəetmə xətaları və ya digər gözlənilməz hallar nəticəsində dövlətə, eləcə də mülki şəxslərə məxsus əmlaka maddi ziyan dəyməsi ehtimalı da mövcuddur. Belə vəziyyətlərdə zərərin kim tərəfindən ödənilməsi, hərbi qulluqçuların məsuliyyət daşıyıb-daşımaması və mülki vətəndaşların hüquqlarının necə qorunması məsələsi aktuallaşır.

Xüsusilə təlimlər zamanı pilotsuz uçuş aparatlarının (PUA) və digər hərbi texnikanın sıradan çıxması və ya idarəetmədən kənarlaşması belə halların hüquqi tərəfinə diqqəti artırır.

Hərbi ekspert Ədalət Verdiyev News365.az-a açıqlamasında bildirib ki, hərbi təlimlər zamanı hərbi qulluqçuların təqsiri üzündən dövlətə və ya digər şəxslərin əmlakına maddi ziyan vurularsa, məsuliyyət məsələsi qanunvericiliyin tələblərinə uyğun müəyyən edilir.


"Bu cür hadisələr baş verdikdə ilk növbədə araşdırma aparılmalı, ziyanın hansı şəraitdə və hansı səbəbdən meydana gəldiyi müəyyənləşdirilməlidir. Araşdırma zamanı hadisənin bütün detalları, texniki və insan amili, eləcə də mümkün səhlənkarlıq halları nəzərdən keçirilir".

"Məsələn, hərbi təlim zamanı dronun sıradan çıxması avtomatik olaraq onu idarə edən şəxsin təqsirli olması demək deyil. Belə hallarda texniki nasazlıqla insan amilini bir-birindən ayırmaq vacibdir. Dronun idarə olunması zamanı hərbi qulluqçunun hərəkətləri və ya hərəkətsizliyi nəticəsində qəza baş veribsə, bu hal ayrıca qiymətləndirilməlidir. Eyni zamanda, aparatın texniki nasazlıq səbəbindən sıradan çıxması ehtimalı da araşdırılmalıdır".

Ədalət Verdiyev vurğulayıb ki, hərbi qulluqçuların maddi məsuliyyəti məsələsi müvafiq qanunvericilik əsasında həll olunur. Yəni ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edilərkən hadisənin səbəbi, təqsirin olub-olmaması və məsuliyyətin kimə aid olduğu dəqiqləşdirilməlidir.

Mülki əmlaka dəyən ziyanın ödənilməsi məsələsinə də toxunan ekspert bildirib ki, hərbi təlimlər zamanı vətəndaşların evlərinə, torpaq sahələrinə və digər əmlaklarına zərər vurularsa, həmin ziyanın kompensasiyası dövlət büdcəsi hesabına həyata keçirilir.

Burada da əsas şərt baş vermiş hadisənin ətraflı araşdırılması və zərərin həcminin müəyyən edilməsidir. Yalnız müvafiq komissiyanın araşdırması və qəbul etdiyi qərardan sonra kompensasiya məsələsi həll olunur.

Beləliklə, hərbi təlimlər zamanı texnikanın sıradan çıxması və ya mülki əmlaka ziyan dəyməsi hallarında məsuliyyət məsələsi hadisənin konkret səbəbləri müəyyənləşdirildikdən sonra hüquqi qiymət alır.


Sizin reklam burada
Sizin reklam burada