Bank kartlarında 5 köçürmə qaydası: Limit artırıla bilərmi?

Bank kartlarında 5 köçürmə qaydası: Limit artırıla bilərmi?
12:00

Son vaxtlar bank kartları vasitəsilə həyata keçirilən pul köçürmələrinə tətbiq olunan məhdudiyyətlər vətəndaşlar arasında müzakirə mövzusuna çevrilib. Xüsusilə gün ərzində maksimum 5 köçürmə imkanı bəzi şəxslər üçün ciddi çətinlik yaradır. Ailəsinə mütəmadi pul göndərənlər, yaxınlarından vəsait qəbul edənlər və gündəlik çoxsaylı maliyyə əməliyyatları aparanlar üçün bu məhdudiyyətin nə dərəcədə çevik tətbiq olunması sual doğurur.

Əsas maraq doğuran məqamlardan biri də limitin dəyişdirilməsinin mümkün olub-olmaması və bankların bu məsələdə müştərilərə hansı imkanları təqdim etməsidir.

İqtisadçı Asif İbrahimov News365.az-a açıqlamasında bildirib ki, gündəlik 5 pul köçürməsi limiti Mərkəzi Bankın müəyyən etdiyi inzibati məhdudiyyət deyil. Onun sözlərinə görə, bu yanaşma banklar arasında razılaşdırılmış ümumi qayda əsasında tətbiq olunur, Mərkəzi Bank isə prosesə nəzarət edir.

Ekspertin fikrincə, vətəndaşlar 5 köçürmə limitini dəyişdirilməsi mümkün olmayan sabit hədd kimi qəbul etməməlidirlər. Əgər şəxsin gündəlik maliyyə əməliyyatları bu saydan çoxdursa, o, xidmət aldığı banka müraciət edərək limitin artırılmasını tələb edə bilər.

İbrahimov qeyd edib ki, banklar belə müraciətlərə fərdi qaydada yanaşır. Müştərinin maliyyə əməliyyatlarının xarakteri, köçürmələrin məqsədi və ehtiyacın əsaslandırılması nəzərə alınmaqla limitin artırılması məsələsinə baxıla bilər.

İqtisadçı xüsusilə vurğulayıb ki, bir şəxsin kartına mütəmadi olaraq müxtəlif insanlardan pul daxil olması avtomatik şəkildə sahibkarlıq fəaliyyəti və ya qanun pozuntusu kimi qiymətləndirilməməlidir. Məsələn, ailə üzvləri, dostlar və yaxınlar arasında borc qaytarılması, şəxsi ehtiyaclar və müxtəlif tədbirlərin təşkili ilə bağlı pul mübadiləsi aparıla bilər.

Bununla belə, bank hesabına çoxsaylı şəxslərdən mütəmadi vəsait daxil olduqda maliyyə qurumu əməliyyatların mahiyyəti ilə maraqlana və müştəridən əlavə izahat tələb edə bilər. Belə hallarda vətəndaş köçürmələrin şəxsi münasibətlər, ailə ehtiyacları və ya digər qanuni məqsədlərlə bağlı olduğunu əsaslandıra bilər.

Ekspertin sözlərinə görə, vəziyyət pul daxilolmalarının mal və xidmət satışından əldə edilən gəlirlərlə əlaqəli olduğu hallarda fərqlənir. Bu zaman artıq sahibkarlıq fəaliyyətinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi məsələsi də gündəmə gəlir.

Asif İbrahimov hesab edir ki, gündəlik köçürmə sayı mövcud ehtiyacları qarşılamayan şəxslər ilk növbədə öz banklarına müraciət etməlidirlər. Müraciət zamanı əlavə limitə nə üçün ehtiyac yarandığı, əməliyyatların məqsədi və təxmini həcmi barədə məlumat vermək lazımdır. Zərurət yaranarsa, bank əlavə sənədlər də tələb edə bilər.

İqtisadçı bankların bu proseduru müştərilər üçün daha sadə və anlaşıqlı etməsinin vacibliyini də diqqətə çatdırıb. Onun fikrincə, limitin artırılması ilə bağlı müraciətlərin mobil tətbiq və internet bankçılıq üzərindən həyata keçirilməsi vətəndaşların işini xeyli asanlaşdıra bilər.

İbrahimov əlavə edib ki, bank əməliyyatlarına nəzarət maliyyə şəffaflığının təmin edilməsi, qanunsuz pul dövriyyəsinin və vergidən yayınmanın qarşısının alınması baxımından vacibdir. Bununla yanaşı, şəxsi köçürmələrlə kommersiya məqsədli pul daxilolmaları arasında düzgün fərq qoyulmalıdır.

Ekspertin qənaətinə görə, bank nəzarəti qanuni maliyyə əməliyyatlarını çətinləşdirməməli, müştərilərin fərdi ehtiyacları nəzərə alınmaqla çevik mexanizmlər tətbiq edilməlidir.

News365.az-


Sizin reklam burada
Sizin reklam burada