
Ömrünün 60-cı ili də səssiz-səmirsiz gəldi. Heç qapısını da döymədi. Yəqin ki, buna ehtiyac duymadı. İlıq payız mehinə qarışıb sakitcə ürəyinə qondu və ona nələrsə pıçıldadı. Nələr pıçıldadı Eldar müəllimə, görəsən?- bir özləri bildi, bir də bu vicdanlı, xeyirxah, qayğıkeş, təvazökar insanı 60-cı pilləyə Ucaldan.
Amma bildiyimiz odur ki, Eldar müəllim gələn qonağı hər zaman yuxarı başa keçirib, ona gözləri üstə yer göstərib. Qonağın sədaqətlisini, safını, mərhəmətlisini özünə o qədər yaxın buraxıb ki, bir də görmüşük, onu özünə dost, qardaş bilib, ürəyində gəzdirir. Nədən ki, Eldar müəllim üçün həyatda çox qiymətli dəyərlər var. Ona "insanlıq dəyərləri", "insanlıq ölçüləri" də deyə bilərik- fərq etməz. Bu ölçülər Eldar müəllimin xarakterinin yaxınları, doğmalarıdır və toxunulmazlarıdır. Bu ölçülər yubilyarımızın yaşam tərzini, həyatının dəyişməz normalardır və bu normalar onun mənəviyyatı, dürüstlüyü, vicdanlılığı ilə üst-üstə düşür. Eldar müəllimin cəmiyyətdə qazandığı böyük hörmətin, diqqətin cövhəri də elə bu keyfiyyətlərlə süslənib.

Eldar Yusif oğlu Əliyev müxtəlif sahələrdə çalışıb. Ən qəribə və bəlkə də çoxlarına təəccüblü gələ biləcək odur ki, tutduğu rəhbər vəzifələr Eldar müəllimin qəzetçilik arzusuna güc gələ bilməyib. Sözsüz ki, mətbuatın müxtəlif səbəblərdən qarşılaşdığı çətinliklərdən, yaşam mücadiləsindən xəbərsiz deyildi Eldar müəllim. Bütün bunlara baxmayaraq, bu arzusunu hər zaman ürəyində gəzdirmişdi. Bircə an da olsun onu fikrindən uzaq tutmamışdı. Nəhayətdə, qəti qərarını vermişdi. İlləruzunu qurduğu planları reallışdarmaq üçün qəti addım atmağın vaxtı çatdı. Uşaq mətbuatında yenilik arzusunu, forma və məzmunda edəcəyi dəyişiklikləri reallaşdırmaq üçün arzuladığı məqam idi. Həmin vaxt təqvimdə 2000-ci il iyunun 20-si idi. O, ölkənin ən uzunömürlü və nüfuzlu mətbu orqanlarından olan "Savalan" qəzetinə baş redaktor təyin edildi. Fəaliyyətə başladığı ilk gündən böyüməkdə olan nəslə vətənpərvərlik tərbiyəsinin, milli-mənəvi dəyərlərin aşılanması, dünyagörüşünün genişlənməsi kimi vacib məsələlərin həllində qəzetçilik missiyasını yerinə yetirmək üçün "Savalan"ın forma və məzmununda, tərtibatında, estetik viziuallığında və s. yeniliklərə başladı. Bu arzusunu həyata keçirmək üçün, ən əvvəl kollektivdə səmimiyyət, yaradıcı mühit yaratdı. Yeni rəhbərliyin tələbkarlığı redaksiya heyəti üzvlərinin məsuliyyətini daha da artırdı. Şagirdlərlə keçirilən görüşlər, onların məktəb həyatının qəzetdə müntəzəm işıqlandırılması abunəçilərin sayını artırdı. Belə görüşlərdə qəzetin baş redaktoru Eldar Əliyev müntəzəm iştirak edir, məktəblilərin "Savalan"la bağlı istəklərini öyrənir, arzuladıqları rubrukalar barədə qeydlər aparır, görüşlərdə tanış olduğu yaradıcı uşaqlar haqqında qəzetin növbəti nömrələrində söz açırdı. Onların bacarıq və qabiliyyətini əks etdirən nümunələrə səhifələrdə yer verir, balaca istedadlara uğurlar arzulayırdı. "Görkəmli şəxsiyyətlər", "Test", "Suallara cavab" və s. rubrikalar qısa zamanda məktəbli oxucuların böyük marağına səbəb oldu.

"Savalan" bu gün, bəlkə də yeganə mətbu orqandır ki, səhifələrində davamlı olaraq 2-ci Dünya müharibəsində "Sovet İttifaqı Qəhrəmanı" adını alan həmyerlilərimizin, Birinci Qarabağ savaşında "Azərbaycanın Milli Qəhrəmanı" və 44 günlük Vətən savaşında "Vətən müharibəsi Qəhrəmanı" adlarını alan igid Vətən oğullarının hər biri haqqında oxuculara qısa, yığcam, gərəkli məlumatları çatdırıb.
Eldar müəllimin fədakarlığı sayəsində "Savalan" işıqlı missiyasını, ucalıq yolunu uğurla davam etdirir. Həmkarımızın ən böyük arzusu uşaqların intellektual və mənəvi inkişafında gərəkli rol oynayan bu qəzeti yaşatmaqdır. Bundan ötrü çox çətinliklərdən keçməli olur Eldar müəllim. "Savalan"ı ürəyinin başında gəzdirir. Bu qəzet ona doğma övladı qədər əzizdir. Onun hər sətrində Eldar müəllimin gözünün nuru, arzularının işığı var. Hələ bundan sonra onunla neçə-neçə illəri qoşa addımlamaq, balalarımızın qəlbinə elm-ürfan çiləmək, onların cəmiyyətimizə faydalı vətəndaşlar kimi yetişməsi üçün çox işlər görmək arzusundadır.
Ömrünün 60-cı ili də bəlkə elə bu arzulara qoşulmaq istədiyini pıçıldayırmış Eldar müəllimin ürəyinə. Bəlkə bundan sonra gediləcək yollara işıq salmaqdan söz açırmış- bəlkə də...

"Savalan"ın qonaq getdiyi hər məktəb, hər ev Eldar müəllimin əzizləridir. Mənə elə gəlir ki, ölkəmizin yaxın-uzaq ellərində "Savalan" ən arzulanan qonaqlardandır. Bakıdan o ünvanlara üz tutan yollarda Eldar müəllimin izləri var. "Savalan"ın çatdığı hər ev Eldar müəllimə öz doğması, əzizi kimi qucaq açır. Bunları yaza-yaza şair Səyavuş Sərxanlının çox sevdiyim misraları yadıma düşür. O misralar elə bilirəm Eldar müəllim haqqında deyilib:
Keçər yüz obanı, gəzər yüz eli,
Bir xeyir xəbərtək o hər yerdədir.
Narahat qəlbinin döyüntüləri
Səslərə dönübdü- qəzetlərdədir.

Eldar Əliyevin layiq görüldüyü mükafatlar, çoxsaylı təltiflər, diplomlar onun fəaliyyətinə verilən qiymətin ifadəsidir. O, Ombudsman Aparatının Fəxri fərmanı ilə mükafatlandırılıb. 2025-ci ildə "Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Ömrünün mənasını, gənc nəslin tərbiyəsində, intellektual səviyyəsinin yüksəldilməsində, mənəviyyatının zənginləşməsində görən Eldar müəllim gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Kəmalə xanım Uşaq və Gənclərin Xeyriyyə Fondunda çalışır.
Qızı Rübabə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, Macarıstanda ixtisası üzrə magistr təhsili alıb.
Oğlu Yusif Vətən müharibəsi veteranıdır. 44 günlük savaşda istehkamçı-kəşfiyyatçı kimi Füzuli, Xocavənd rayonları istiqamətində gedən aktiv döyüş əməliyyatlarında iştirak edib. "Vətən müharibəsi iştirakçısı" medalına layiq görülüb. Hazırda Bakının Nizami rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisidir.
Bu yaxınlarında dünyaya göz açan nəvəsi Altay Eldar müəllimi həyatda ən şirin ada qovuşdurub- baba adına.
...İllər bir insan ömrünün yelkənini açıb sabaha qanadlandırıb. Sabah olan yerdə neçə-neçə arzular var. Arzular varsa, yaşamaq gözəldir.
60 yaşınız xoş gəlib! Mübarəkdi! Ürəkdən təbrik edirik sizi, Eldar müəlllim- işinin fədakarı, xeyirxah, səmimi, təvazökar, dürüst, saf qəlbli insan!
Nazim Əlifov