Azərbaycanın son illərdə həyata keçirdiyi balanslı və praqmatik xarici siyasət beynəlxalq münasibətlər sistemində ölkənin mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Xüsusilə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan nəticələr və ABŞ ilə əməkdaşlığın inkişafı Azərbaycanın diplomatik uğurları kimi qiymətləndirilir.
Bunu politoloq Mehman İsmayılov News365.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, uzun illər ərzində Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar zamanla öz əhəmiyyətini itirib və ölkənin həyata keçirdiyi ardıcıl siyasət beynəlxalq aləmdə yeni reallıqlar formalaşdırıb.
"Uzun illər Azərbaycanı guya Ermənistanı blokadada saxlamaqda ittiham edirdilər. Halbuki Ermənistanın nə İran, nə də Gürcüstanla sərhədləri bağlı idi. Bu səbəbdən həmin iddiaların heç bir hüquqi və məntiqi əsası yox idi", – deyə M.İsmayılov bildirib.
Politoloq qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunan nəticələr Azərbaycanın diplomatik uğurlarından biridir.
"2025-ci ilin sentyabrında Vaşinqtonda Ermənistan-Azərbaycan münasibətlərinə dair çərçivə sazişinin imzalanmasına nail olunması Prezident İlham Əliyevin əldə etdiyi mühüm diplomatik qələbələrdən biri idi. Uzun illər ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən ABŞ, daha çox Ermənistanın mövqeyini müdafiə edən siyasət yürüdürdülər. Lakin Azərbaycan elə çevik və peşəkar diplomatiya həyata keçirdi ki, nəticədə ABŞ ilə münasibətlər tamamilə yeni mərhələyə yüksəldi", – deyə o vurğulayıb.
M.İsmayılovun sözlərinə görə, hazırda Azərbaycan ilə ABŞ arasında strateji münasibətlər haqqında saziş mövcuddur və bu, iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin göstəricisidir.
"Proseslər elə istiqamətdə inkişaf etdi ki, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsində də ABŞ fəal mövqe nümayiş etdirdi. Bu, Azərbaycanın apardığı uğurlu xarici siyasətin nəticəsidir", – deyə politoloq bildirib.
Ekspert əlavə edib ki, Azərbaycanın beynəlxalq nüfuzu son illərdə əhəmiyyətli dərəcədə artıb.
"Bu gün Azərbaycan həm İslam dünyasında, həm Türk dünyasında, həm yəhudi icmaları ilə münasibətlərdə, həm də Avropa məkanında etibarlı tərəfdaş kimi qəbul olunur. Hər kəs bilir ki, Azərbaycan qarşılıqlı hörmətə və səmərəli əməkdaşlığa əsaslanan münasibətlər qurmağa hazır olan dövlətdir", – deyə Mehman İsmayılov fikrini yekunlaşdırıb.