Ermənistan kinematoqrafiyasının ilk səsli tammetrajlı ekran əsəri olan “Pepo” filmi ilə bağlı gözlənilməz məqam üzə çıxıb.
News365.az xəbər verir ki, 1935-ci ildə rejissor Amo Bek-Nazarovun Qabriel Sundukyanın 1876-cı ildə yazdığı pyes əsasında çəkilən filmdə bir neçə Azərbaycan musiqisindən istifadə edildiyi aşkarlanıb.
Ekran əsərində Tiflisin fəhlə məhəlləsində yaşayan dürüst balıqçı Peponun xəsis tacir Arutin Zimzimovla didişməsidən bəhs olunur. Lakin kinosevərlərin və musiqişünasların diqqətini çəkən əsas məsələ filmdəki musiqi parçaları, o cümlədən 55-ci dəqiqəsində eşidilən musiqi parçası olub.
“Pepo” filminin 55-ci dəqiqəsində səslənən musiqi 1956-cı ildə ekranlaşdırılan “O olmasın, bu olsun” filmindəki Məşədi İbadın ariyası ilə eynilik təşkil edir. Dahi bəstəkar Üzeyir Hacıbəyovun operettası əsasında məşhurlaşan bu melodiyanın illər öncə erməni filmində istifadə edilməsi böyük maraq doğurub.
Bundan əlavə, filmin ən dəyərli etnoqrafik epizodlarından biri sayılan meyxana səhnəsində bəstəkar Aram Xaçaturyan Şərq musiqi ladlarına – “Bayatı-Kürd”, “Şüştər” və “Bayatı-Şiraz”a müraciət edib. Tar, kamança, qaval və balaban ansamblının ifa etdiyi bu səhnədə Tiflis kintolarının küçə folkloruna uyğun olaraq erməni dili ilə yanaşı, Azərbaycan dilində də bayatı və gəraylılar səsləndirilib.