Ərdoğandan foto açıqlaması: “O kadr, Türkiyənin həqiqi fotosudur”

Ərdoğandan foto açıqlaması: “O kadr, Türkiyənin həqiqi fotosudur”
12:48

Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamalar verib.

O, Türkiyə Böyük Millət Məclisinin açılış mərasimi zamanı çəkilmiş fotoya toxunaraq bildirib:

"Resepsiyada çəkilən o foto kadrı, Türkiyənin gerçək fotosudur. Bəzi qüvvələr Türkiyəni düşərgələrə bölünmüş, parçalanmış şəkildə göstərməyə çalışır, lakin həqiqət oradakı birlik və həmrəylik mənzərəsidir. O mənzərənin bir hissəsi olmayanlar, oturub öz vicdanları ilə üzləşməlidirlər.”

Jurnalistlərin suallarına cavab olaraq Ərdoğan bunları deyib:

– ABŞ Prezidenti Donald Tramp ilə görüş və Fələstin məsələsi barədə:

“Fələstinlə və Qəzzə ilə bağlı həm atəşkəs, həm də daimi sülh üçün atılacaq addımları müzakirə etdik. Tramp bizdən HƏMAS-la danışmağı, onları sülhə inandırmağı xahiş etdi. Biz də bu istiqamətdə əlaqələrimizi davam etdiririk. HƏMAS müzakirələrə hazır olduğunu bildirdi. İsrail isə hələ də eyni destruktiv mövqedə qalır. Biz iki dövlətli həll prinsipi əsasında Fələstin–İsrail probleminin aradan qaldırılmasına çalışacağıq.”

– F-35 və CAATSA sanksiyaları ilə bağlı:

“Türkiyə bu layihənin rəsmi tərəfdaşıdır, öhdəliklərini yerinə yetirib. Buna baxmayaraq, bizi proqramdan çıxarmağın heç bir hüquqi əsası yoxdur. Bu məsələni Trampla açıq şəkildə müzakirə etdik. Gözləyirik ki, həm F-35 problemi, həm də sanksiyalar məsələsi müsbət həllini tapsın. Bu ziyarət Türkiyə–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı oldu.”

– “Halkbank” məsələsi ilə bağlı:

“Tramp açıq şəkildə dedi ki, ‘Halkbank problemi bizim üçün bitib’. Bu, mühüm siyasi iradə göstəricisidir. İndi məqsədimiz bu prosesi hüquqi baxımdan da müsbət yekunlaşdırmaqdır.”

– Məclis açılışındakı foto barədə:

“DEM qrupuyla da orada söhbət etdik. Bu fotoda təmsil olunan mənzərə birlik və bərabərlik tablosudur. Türkiyəni parçalanmış kimi göstərmək istəyənlər özlərini sorğulamalıdırlar.”

– 18 yaşdan aşağı şəxslərin cinayətlərə cəlb olunması:

“Uşaqlarımızın terror və cinayət şəbəkələrinin əlinə düşməsinə imkan verməyəcəyik. 11-ci Məhkəmə Paketi ilə cəzaların çəkindiriciliyini artırırıq, amma təkcə cəza kifayət deyil. Ailəni gücləndirmədən, təhsili və sosial dəstəyi artırmadan bu problemi həll etmək mümkün deyil.”

– Sentyabr ayı inflyasiyası barədə:

“Bəli, inflyasiya gözləntilərin üzərində çıxdı. Amma bu, iqtisadiyyatda ümumi mənzərəni dəyişmir. Biz günü qurtarmağa yox, gələcəyi qurmağa yönəlmiş proqram həyata keçiririk. Türkiyə iqtisadiyyatı güclü təməllər üzərində yüksəlir. Əmin olun, bu vəziyyətdən də uğurla çıxacağıq.”


Sizin reklam burada
Sizin reklam burada