İran XİN Rəhbərindən Ərbildəki PUA Hücumuna Reaksiya: "Təxribatdır, Qonşular Arasında Nifaq Salmaq İstəyirlər"
İranın Xarici İşlər Naziri Seyid Abbas Arazçı İraq Kürdüstan Regional Hökumətinin Baş naziri Məsrur Barzaninin ofisinə təşkil edilən pilotsuz uçuş aparatı (PUA) hücumunu kəskin pisləyib. Nazir insidenti "məsuliyyətsiz addım" adlandıraraq, kürd rəsmilərini qonşu dövlətlər arasında nifaq salmağa yönəlmiş saxta təxribatlara (“false-flag”) qarşı ayıq-sayıq olmağa çağırıb.
Bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edən Arazçı xatırladıb ki, İran hər zaman kürd xalqının yanında olub:
"Məsrur Barzaninin ofisinə edilən bu məsuliyyətsiz hücumun heç bir bəraəti yoxdur. Kürd dostlarımız qonşular arasına ədavət toxumu səpmək məqsədi daşıyan saxta bayraq əməliyyatlarına qarşı diqqətli olmalıdırlar. Biz dostlarımızı Səddam Hüseyn və İŞİD-dən qorumuşuq və onların sərhədlərimizdə təmin etdiyi təhlükəsizliyə görə minnətdarıq."
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi də hücumu "son dərəcə şübhəli hadisə" kimi qiymətləndirərək, insidentin İslam Respublikasını hədəfə almaq və günahlandırmaq məqsədi daşıya biləcəyini vurğulayıb.
Ərbildə Nə Baş Verib?
Məlumata görə, Ərbilin Pirmam rayonunda Məsrur Barzaninin şəxsi ofisi və Kürdüstan Regionunun Təhlükəsizlik və Kəşfiyyat Agentliyinin rəhbərinin iqamətgahı partlayıcı yüklü iki PUA ilə hədəf alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.
İraq Kürdüstanı Anti-Terror Xidməti dronların İran ərazisindən qaldırıldığını iddia etsə də, Tehran bu ittihamları qətiyyətlə rədd edib.
İranlı yüksək rütbəli mənbə Livanın "Al-Mayadeen" şəbəkəsinə bildirib ki, İranın bu hücumla heç bir əlaqəsi yoxdur. Mənbə əlavə edib ki, İran hərbi əməliyyatlarını hər zaman açıq və rəsmi şəkildə bəyan edir.
İraqın Xarici İşlər Naziri Fuad Hüseyn ilə telefon danışığı aparan Abbas Arazçı hücumla bağlı təəccübünü ifadə edib və PUA-ların İran ərazisindən atıldığını təsdiqləyən heç bir məlumatın olmadığını diqqətə çatdırıb. O, Tehranın Kürdüstan Regional Hökuməti ilə sıx və müsbət əlaqələrə malik olduğunu bildirərək, məsələ ilə bağlı tezliklə rəsmi mövqenin açıqlanacağını vəd edib.