Ölkənin ət bazarlarında quzu ətinin qiymətində artım müşahidə olunur. News365.az-ın apardığı araşdırmaya görə, qiymətlər birbaşa heyvanın çəkisinə və növünə görə tənzimlənir.
Hazırda bazarlarda 17-20 kiloqramlıq normal quzuların əti alıcılara əsasən 20-21 manata təklif edilir. Çəkisi daha az (10-12 kq) olan və dadı ilə seçilən "əmlik" quzuların qiyməti isə kəskin yüksələrək 23-25 manata çatıb.
News365.az-a danışan qəssablar bildirir ki, əmlik quzu tapmaq getdikcə çətinləşir. Bu səbəbdən həmin ətlər yalnız öncədən gələn xüsusi sifarişlər əsasında gətirilir. Alıcılar daha yumşaq və dadlı olduğu üçün əmlik quzusuna üstünlük versələr də, mövcud qiymətlər bir çoxunun cibinə uyğun deyil. İstehlakçılar da etiraf edirlər ki, əvvəlki illərlə müqayisədə eyni büdcə ilə indi qat-qat az ət ala bilirlər və əmlik quzu əti artıq əksər ailələr üçün əlçatan deyil.
Ekspertlərin fikrincə, daxili bazarda qiymətlərin daha da pik həddə çatmasının qarşısını yalnız son aylarda ölkəyə artan ət idxalı alıb. Əgər xaricdən gətirilən məhsullar bazardakı qıtlığı kompensasiya etməsəydi, yerli istehsaldan asılı olan quzu ətinin qiyməti indikindən də baha olacaqdı.