Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.
News365.az xəbər verir ki, vida mərasimində səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, ictimaiyyət nümayəndələri, tanınmış şəxslər və jurnalistlər iştirak ediblər.Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, bu gün Azərbaycan mətbuatı parlaq imzalarından biri ilə vidalaşır:
“Nurani Azərbaycanın haqq səsi idi. Analitika sahəsində xanım imzalarına nadir hallarda rast gəlinir. Nurani məhz o imzalardan biri idi”.
“Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Nurani haqqında xatirələrini bölüşüblər. Rauf Arifoğlu Nuraninin müalicə xərclərini qarşıladığına görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Vida mərasiminin ardınca Əməkdar jurnalist Tofiqəxanım Qasımova Yasamal qəbiristanlığında dəfn edilib.
***
Xəbər verdiyimiz kimi, tanınmış siyasi analitik Nurani (Tofiqəxanım) Qasımova uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
News365.az "Unikal"a istinadən xəbər verir ki, hazırda “Təzə Pir” məscidində Nurani Qasımova ilə vida mərasimi keçirilir.Vida mərasimində Media İnkişafı Agentliyinin rəhbərliyi, media nümayəndələri və Nuraninin digər yaxınları iştirak edir.
***
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ötən gecə vəfat edib.
News365.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.
Qeyd edək ki, Nurani bir neçə ildir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib.
O, 1992-ci ildən başlayaraq müxtəlif illərdə "Yurddaş", "Ayna"-"Zerkalo" nəşrlərində çalışıb, uzun müddət "Exo" qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az, "Minval Politika" xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərirdi.
