Layihəyə əsasən, məlumat verən şəxs, onun yaxın qohumu və qohumu korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar olaraq həlak olduqda, onun ailəsinə əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla işləri (xidmətləri) yerinə yetirdiyi təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) 20 000 manat məbləğində birdəfəlik müavinət ödəniləcək.
Qanun layihəsində yazılıb ki, məlumat verən şəxs, onun yaxın qohumu və qohumu korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar bədən xəsarəti aldıqda ona əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla işləri (xidmətləri) yerinə yetirdiyi təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) 10 000 manat məbləğində birdəfəlik müavinət ödənilir.
Məlumat verən şəxsin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar olaraq əmlakına dəymiş ziyan normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada ödənilir.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin oktyabrın 6-da keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.