Keniyada Ebola həyəcanı: İlk idxal edilmiş yoluxma halı ölümlə nəticələndi

Keniyada Ebola həyəcanı: İlk idxal edilmiş yoluxma halı ölümlə nəticələndi
14:30

Keniyada Ebola virusunun Bundibugyo ştammı ilə ilk idxal edilmiş yoluxma halı təsdiqlənib. Virusa yoluxan şəxs müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

News365.az xəbər verir ki, bu barədə Keniyanın səhiyyə rəsmiləri məlumat yayıb.

Ölkənin səhiyyə naziri Aden Duale bildirib ki, ölən şəxs Keniya vətəndaşı olub və son yeddi il ərzində Konqo Demokratik Respublikasında (KDR) yaşayıb.

Məlumata görə, kişi təxminən bir ay əvvəl xəstələnib və KDR-də bir neçə xəstəxanada müalicə alıb. Daha sonra avtomobillə KDR-dən Uqandanın paytaxtı Kampalaya gedib və oradan “Jambojet” aviaşirkətinin 8523 saylı reysi ilə oktyabrın 3-də Keniyanın paytaxtı Nayrobiyə gəlib.

Onu qohumu birbaşa hava limanından Nairobi Hospital-a aparıb. Xəstə dərhal təcrid olunaraq xüsusi bölməyə yerləşdirilib.

Xəstədə yüksək hərarət, üşütmə, güclü yorğunluq və halsızlıq, əzələ ağrıları, udqunma zamanı ağrı, boğaz ağrısı və iynə vurulan nahiyələrdə dəri altı qanaxma müşahidə olunub.

Aden Duale bildirib ki, xəstənin klinik vəziyyəti və KDR-yə səfər tarixçəsi nəzərə alınaraq onda virus mənşəli hemorragik qızdırmadan şübhələnilib. Götürülən nümunələrin həm Milli Virusologiya Referens Laboratoriyasında, həm də Keniya Tibbi Araşdırmalar İnstitutunun (KEMRI) laboratoriyasında müayinəsi nəticəsində Ebola Bundibugyo virusuna yoluxma təsdiqlənib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, xəstə oktyabrın 5-də gecə saatlarında vəfat edib.

Səhiyyə naziri mərhumun ailəsinə başsağlığı verib. Onun sözlərinə görə, ölünün təhlükəsizlik və sanitar tələblərə uyğun şəkildə dəfn edilməsi üçün hazırlıq işləri aparılır.

Səhiyyə orqanları mərhumla təmasda olmuş 28 nəfəri müəyyənləşdirib. Onların arasında xəstənin yaxınları və ona tibbi yardım göstərən tibb işçiləri də var. Bundan başqa, eyni təyyarədə olan 23 sərnişin və 4 ekipaj üzvünün də axtarışı və müəyyənləşdirilməsi həyata keçirilir.

Risk altında olduğu müəyyən edilən şəxslərin karantinə alınması üçün tədbirlər görülür.

Aden Duale bildirib ki, Keniya 2026-cı ilin mayında başlayan Ebola epidemiyasından sonra xəstəliyə qarşı yüksək hazırlıq səviyyəsini qoruyub. Hazırkı epidemiya Ebola virusunun Bundibugyo ştammından qaynaqlanır və Konqo Demokratik Respublikasının İturi əyalətində başlayıb.

Nazir əhalini sakit olmağa çağırıb və xəstəliyin yayılmasının qarşısını almaq üçün lazımi sistemlərin mövcud olduğunu bildirib.

O, insanlara əlləri tez-tez yumağı və ya spirt tərkibli dezinfeksiyaedici vasitələrdən istifadə etməyi, həmçinin Ebola virusunun aktiv yayıldığı ölkələrdən gələn xəstə şəxslərlə yaxın təmasdan çəkinməyi tövsiyə edib.

Keniyanın Səhiyyə Nazirliyi əhalinin suallarını cavablandırmaq üçün ödənişsiz qaynar xətt də yaradıb və vəziyyətlə bağlı yeni məlumatların açıqlanacağını bildirib.


Sizin reklam burada
Sizin reklam burada